ABB: Blockchain və tokenizasiya maliyyə sektorunun gələcəyini formalaşdıracaq

ABB: Blockchain və tokenizasiya maliyyə sektorunun gələcəyini formalaşdıracaq

BANK
172

Yaxın illərdə “click-to-pay” texnologiyaları və “invisible payment” adlandırılan görünməz ödəniş sistemlərinin maliyyə sektorunda əsas trendlərdən birinə çevriləcəyi gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas yeniliklərin Visa tərəfindən təqdim olunacağı gözlənilir.

Mehmet Ali Savaş qeyd edib ki, click-to-pay texnologiyaları xüsusilə görünməz ödənişlər sahəsində geniş imkanlar yaradır. O əlavə edib ki, elektron ticarət sektorunda da yaxın illərdə mühüm dəyişikliklər baş verəcək.

ABB rəsmisinin sözlərinə görə, yaxın üç il ərzində onlayn alış-veriş zamanı kart nömrəsinin daxil edilməsi və ya kart məlumatlarının ayrıca paylaşılması kimi proseslər tamamilə aradan qalxa bilər.

O bildirib ki, süni intellekt texnologiyalarının geniş tətbiqi maliyyə xidmətlərinin daha təhlükəsiz və sürətli olmasına şərait yaradır.

Mehmet Ali Savaş vurğulayıb ki, hazırda fırıldaqçılıq hallarında ciddi azalma müşahidə olunur. Müxtəlif əməliyyatların eyni vaxtda təhlil edilməsi və süni intellekt həllərinin tətbiqi istifadəçilər üçün daha rahat və maneəsiz xidmətlərin formalaşmasına imkan verir.

ABB nümayəndəsi çıxışında blockchain texnologiyalarının da maliyyə sektorunun gələcəyində mühüm rol oynayacağını bildirib.

Onun fikrincə, yaxın beş il ərzində blockchain əsaslı ödəniş sistemləri maliyyə bazarlarının əsas inkişaf istiqamətlərindən birinə çevriləcək.

Mehmet Ali Savaş real aktivlərin tokenizasiyasının qlobal maliyyə bazarında sürətlə inkişaf edən sahələrdən olduğunu da qeyd edib.

O bildirib ki, bu istiqamətdə həm böyük potensial, həm də böyük həcmdə bazar mövcuddur. Beynəlxalq hesabatlar da tokenizasiya bazarının sürətli inkişafını təsdiqləyir.

ABB rəsmisi əlavə edib ki, Azərbaycanın da bu qlobal transformasiya prosesində fəal iştirak etməsi və yeni maliyyə texnologiyalarının tətbiqində geri qalmaması vacibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB: Blockchain və tokenizasiya maliyyə sektorunun gələcəyini formalaşdıracaq — Fins.az — Fins.az