ABB Bank BTB-nin aktiv və öhdəliklərini qəbul edəcək - AMB

ABB Bank BTB-nin aktiv və öhdəliklərini qəbul edəcək - AMB

BANK
326

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Bank BTB” ASC ilə bağlı həyata keçirilən yenidənqurma prosesi barədə açıqlama verib.

Fins.az xəbər verir ki, bu barədə o, bu gün keçirilən mətbuat konfransında danışıb.

AMB sədrinin sözlərinə görə, “Bank BTB”nin depozit portfelinin böyük hissəsi artıq Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülüb.

“Hazırda kredit portfelinin ötürülməsi prosesinə başlanılıb. İyun ayının sonuna kimi bankın aktiv və öhdəliklərinin tam ötürülməsi təmin ediləcək”, – deyə Taleh Kazımov bildirib.

Qeyd edilib ki, AMB İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi üçün ilkin razılıq verilib. Bu qərar əsasında yenidənqurma prosesi Mərkəzi Bankın nəzarəti altında aparılır.

Eyni zamanda “Bank BTB” ilə aktivlərinin həcminə görə ölkənin ən iri banklarından olan ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.

Müqaviləyə əsasən, depoziti olan fiziki və hüquqi şəxslərin vəsaitləri onların razılığı ilə şərtləri dəyişdirilmədən ABB-də davam etdirilə və ya geri qaytarıla bilər. Kredit öhdəlikləri üzrə tələb hüquqları isə ABB-yə ötürülür və ödənişlər də həmin bank tərəfindən həyata keçirilir.

AMB bildirib ki, proses tam şəkildə nəzarət altında aparılır və müştərilərə müvafiq məlumatlar həm ABB, həm də “Bank BTB” tərəfindən çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB Bank BTB-nin aktiv və öhdəliklərini qəbul edəcək - AMB — Fins.az — Fins.az