2027–2030 strategiyasında “Açıq Bankçılıq” və “Açıq Maliyyə” prioritet olacaq - AMB

2027–2030 strategiyasında “Açıq Bankçılıq” və “Açıq Maliyyə” prioritet olacaq - AMB

BANK
377

Azərbaycanda 2027–2030-cu illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində “Açıq Bankçılıq” və “Açıq Maliyyə” ekosisteminin genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi strateji hədəflərdə qeyd olunub.

Məlumata əsasən, strategiya çərçivəsində rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının artırılması, innovativ ödəniş həllərinin tətbiqi və maliyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Sənədə uyğun olaraq, ilk istiqamət kimi hüquqi şəxslər üçün “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin (PIS – Payment Initiation Service) inteqrasiyası müəyyən edilib. Bu yanaşmanın biznes subyektlərinə banklar arasında daha çevik və sürətli ödəniş imkanları yaradacağı, rəqəmsal əməliyyatların genişlənməsinə təkan verəcəyi bildirilir.

Strategiyada ikinci prioritet kimi “Açıq Bankçılıq” ekosistemində iştirakçı sayının artırılması yer alır. Bu çərçivədə banklarla yanaşı, fintex şirkətləri və digər maliyyə xidmətləri təminatçılarının da sistemə cəlb olunması planlaşdırılır. Məqsəd maliyyə bazarında rəqabətliliyin yüksəldilməsi və innovativ xidmətlərin çeşidinin genişləndirilməsidir.

Digər mühüm istiqamət isə “Açıq Maliyyə” çərçivəsində bankların və digər maliyyə institutlarının vahid ekosistemə inteqrasiyasının təmin edilməsidir. Bu model müxtəlif maliyyə qurumları arasında məlumat mübadiləsi və xidmətlərin daha effektiv inteqrasiyasına imkan yaradacaq.

Bundan əlavə, ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin müxtəlif platformalarda “PIS as a Service” modeli əsasında tətbiqi də strateji hədəflər sırasındadır. Bu yanaşma rəqəmsal platformaların və bizneslərin ödəniş xidmətlərini daha asan inteqrasiya etməsinə və elektron ticarətin sürətlənməsinə şərait yaradacaq.

Sənəddə qeyd olunur ki, bu təşəbbüslər Azərbaycanın maliyyə sektorunda rəqəmsallaşmanın dərinləşməsinə, innovasiyaya əsaslanan maliyyə xidmətlərinin inkişafına və beynəlxalq standartlara uyğunlaşmanın sürətlənməsinə mühüm töhfə verəcək. Nəticədə həm istehlakçılar, həm də biznes subyektləri üçün daha çevik, təhlükəsiz və inteqrasiya olunmuş maliyyə mühiti formalaşacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2027–2030 strategiyasında “Açıq Bankçılıq” və “Açıq Maliyyə” prioritet olacaq - AMB — Fins.az — Fins.az