
Yeni Volkswagen Touareg təhlükəsizlik və rəqəmsal texnologiyaları ilə seçilir
Fins.az – Volkswagen yeni nəsil Touareg modelini müasir dizaynı və innovativ texnologiyaları ilə premium yolsuzluq avtomobili seqmentində təqdim edir.
Şirkətin məlumatına görə, model aydın və dinamik dizayn xətləri ilə seçilir. Avtomobil aktiv elektromexaniki əyilmə kompensasiyası sistemi, IQ. Light LED matriks fənərləri və Innovision Cockpit rəqəmsal cihazlar paneli kimi qabaqcıl texnologiyalarla təchiz olunub. Bu həllər həm təhlükəsizliyi artırır, həm də sürücüyə daha komfortlu və dinamik idarəetmə təcrübəsi təqdim edir.
Bildirilir ki, Touareg R-Line versiyası özünəməxsus dizayna malik IQ. Light LED matriks fənərləri ilə həm eksteryeri, həm də müasir işıqlandırma texnologiyası baxımından diqqət çəkir.
Məlumata əsasən, matriks texnologiyası yaxın və uzaq işıq funksiyalarına əlavə olaraq yol şəraitinə uyğun müxtəlif işıqlandırma rejimlərini avtomatik aktivləşdirir. Sistem videokamera vasitəsilə qarşıdan gələn və eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrini müəyyən edir, LED seqmentlərini fərdi şəkildə idarə edərək uzaq işığın digər sürücülərin gözünü qamaşdırmasının qarşısını alır.
Avtomobil yol nişanlarına yaxınlaşdıqda isə işığın birbaşa nişan üzərinə düşən hissəsi avtomatik söndürülür. Bu funksiya yol nişanlarından əks olunan işığın sürücünü narahat etməsinin qarşısını almağa xidmət edir.
Volkswagen qeyd edir ki, IQ. Light LED matriks fənərlərinin işıqlandırma eni, istiqaməti və intensivliyi avtomobilin yaşayış məntəqəsində və ya şəhərdənkənar yollarda hərəkət etməsindən, digər nəqliyyat vasitələrini ötməsindən, eləcə də qarlı hava şəraitindən asılı olaraq avtomatik tənzimlənir.
Şirkətin məlumatına görə, yol şəraitinə uyğunlaşan Light Matrix texnologiyası yolu daha effektiv işıqlandıraraq sürüş zamanı təhlükəsizliyi artırır və daha yüksək komfort təmin edir.


