
Azərbaycanda ikinci əl avtomobillər bazarında qiymət artımı daha çox qeydə alınıb - AQP
2026-cı ilin aprel ayında Azərbaycanın avtomobil bazarında qiymət artımı davam etsə də, yüksəliş tempi əvvəlki aylara nisbətən zəifləyib.
Fins.az Azərbaycan Qiymətləndiricilər Palatasına (Azərbaycan Qiymətləndiricilər Palatası) istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayı baza dövrü kimi götürülən indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105,8 bəndə yüksələrək baza dövrünə nisbətən 5,8 %, mart ayına nisbətən isə 1,3 % artım nümayiş etdirib. Bu dinamika bazarda artımın davam etdiyini, lakin qiymətlərin artıq sabitləşmə mərhələsinə yaxınlaşdığını göstərir.
Məlumata əsasən, bazarda əsas artım ikinci əl avtomobillər seqmentində qeydə alınıb. İstifadə olunmuş avtomobillər üzrə indeks aprel ayında 108,2 bənd təşkil edib ki, bu da dekabr ayına nisbətən 8,2 %, mart ayına nisbətən isə 2,1 % artım deməkdir. Yeni avtomobillər seqmentində isə artım daha zəif olub və dekabr ayına nisbətən 3,5 %, mart ayına nisbətən isə 0,8 % yüksəliş qeydə alınıb.
Araşdırmaya görə, ölkə üzrə orta avtomobil qiymətləri də artım trendini qoruyub. Aprel ayında orta bazar qiyməti 30 min 480 manat təşkil edib ki, bu da dekabr ayına nisbətən 9,2 %, mart ayına nisbətən isə 1,9 % artım deməkdir. Satış aktivliyi indeksi 110,5 bəndə yüksələrək baza dövrünə nisbətən 10,5 %, aylıq müqayisədə isə 1,7 % artıb. Kreditlə satışların payı isə 48 %-ə çatıb.
Seqmentlər üzrə ən yüksək qiymət artımı SUV və krossoverlərdə müşahidə olunub. Bu kateqoriyada orta qiymət 39 min 100 manat təşkil edib və dekabr ayına nisbətən 11,1 %, mart ayına nisbətən isə 1,8 % artım qeydə alınıb. Ekonom sinif avtomobillərdə qiymətlər 10 %, orta sinifdə 7,6 %, premium seqmentdə isə 4,1 % artıb.
Bazar strukturunda da dəyişikliklər baş verib. İkinci əl avtomobillərin bazar payı 72 %-ə yüksəlib, yeni avtomobillərin payı isə 28 %-ə düşüb. Eyni zamanda hibrid və elektrik avtomobillərinin payı 5 %-dən 9,5 %-ə qədər artıb, dizel avtomobillərin payı isə 19 %-dən 16 %-ə enib.
AQP-nin təhlillərinə görə, istifadə olunmuş avtomobillərdə ən böyük dəyər itkisi ilk illərdə baş verir və xüsusilə üçüncü ildə daha kəskin müşahidə olunur. Sonrakı dövrlərdə isə qiymət azalması daha stabil templə davam edir.
Palatanın yekun qənaətinə əsasən, mövcud dinamika bazarda kəskin sıçrayışlardan daha çox mərhələli və sabit inkişaf tendensiyasının formalaşdığını göstərir. İkinci əl avtomobillərə yüksək tələbat və hibrid-elektrik nəqliyyat vasitələrinin artan payı yaxın dövrdə də bazarın əsas istiqamətləri olaraq qalacaq.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti sektoru üzrə indeksləri açıqlayır.