
Audi A1 və Q2 istehsalı dayandırıldı
Alman avtomobil istehsalçısı Audi iki kompakt modelinin – A1 hatchback və Q2 krossoverinin istehsalını dayandırdığını rəsmən açıqlayıb. Bu modellər artıq İspaniyanın Martorell və Almaniyanın İnqolştadt zavodlarında konveyerdən çıxarılmır.
Audi A1 ilk dəfə 2010-cu ildə bazara çıxarılmış, ikinci nəsli isə 2019-cu ildə təqdim olunmuşdu. Q2 modeli isə 2016-cı ildən etibarən yalnız bir nəsil olaraq istehsal edilib. Şirkət hər iki model üçün birbaşa davamçının olmayacağını bildirib.
Rəsmi məlumatlara görə, istehsal dövrü ərzində Audi A1 ümumilikdə 1 389 658 ədəd, Q2 isə 887 231 ədəd satışa çıxarılıb.
Audi artıq diqqətini yeni nəsil elektrik modelə yönəldib. Söhbət A2 e-tron adlı kompakt elektrik hatchbackdən gedir. Yeni model 1999–2005-ci illərdə istehsal olunmuş orijinal Audi A2-nin ideyasını müasir formada yenidən canlandıracaq.
İlkin məlumata görə, A2 e-tron Volkswagen ID.3 Neo və Cupra Born modelləri ilə ortaq MEB platformasında hazırlanacaq. Bəzi versiyalarda 326 at gücünə malik arxa elektrik mühərriki də ola bilər.
Audi rəhbərliyi yeni modelin əsas istehsalının İnqolştadt zavodunda həyata keçiriləcəyini açıqlayıb. A2 e-tron-un dünya debütü 2026-cı ilin payızına planlaşdırılır.
Eyni zamanda Audi son aylarda digər model xəttində də dəyişikliklər edir — böyük sedan A8 də istehsaldan çıxarılır və onun rolunu gələcəkdə təqdim olunacaq Q9 krossoveri oynayacaq.


