XƏBƏRLƏR

Körpələrin ana südü ilə qidalanması 30%-dən 65%-ə qədər artıb
09 OKTYABR
725

Körpələrin ana südü ilə qidalanması 30%-dən 65%-ə qədər artıb

2017-10-09 16:55:00

Azərbaycanda ölkə üzrə ana südü ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb.

Ana südü ilə qidalandırma layihəsi çərçivəsində aparılan araşdırmalar bunu göstərib.

Bununla bağlı ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdən ibarətdir.

Tədbirdə bildirilib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir. Bu cür maarifləndirici aksiyaların təşkili də dövlət səviyyəsində aparılan siyasəti tərkib hissəsidir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr tətbiq olunur.

Vurğulanıb ki, ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir. Layihə çərçivəsində Azərbaycanın bölgələrində və doğum evlərində araşdırma aparılıb. Nəticədə bəlli olub ki, ölkə üzrə ana ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb. Bu da çox sevindirici haldır.

Hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur. Artıq onkoloqlar da bunu təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır. Bu şüar bütün dünyada var: “Süni qidalanma ölü qidalanmasıdır”. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar.

Qeyd olunduğu kimi, ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün böyük əhəmiyyəti var. Çünki bu cür uşaqların immuniteti daha möhkəm olur, onlar xəstələnəndə tez sağalır. Belə körpələr arasında ölüm hallarına az təsadüf edilir. Bu eyni zamanda vaxtından qabaq doğulmuş uşaqlarda immuniteti gücləndirmək üçün gözəl vasitədir. Çünki adətən belə körpələr müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Müxtəlif immun faktorları ilə zəngin olan ana südü isə bu məsələdə əvəzsiz kömək edə bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.

Ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir. Belə ki, qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalıdır, bu prosesin daha rahat keçməsinə hazırlaşmalıdırlar. Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır.

Qeyd edək ki, hər il oktyabr ayının ilk həftəsi Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296