İqlim dəyişikliyi ilə mübarizə yalnız ekoloji siyasət və tədqiqatlarla məhdudlaşmır. Rəqəmsal texnologiyaların istifadəsi ilə iqlim dəyişikliklərinin monitorinqi və proqnozlaşdırılması daha dəqiq və səmərəli hala gəlir.
Bu barədə Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib. O bildirib ki, bu texnologiyaların iqlim dəyişikliyinin izlənməsi və proqnozlaşdırılmasındakı rolu vacibdir:
"Xüsusilə ekologiya və meteorologiya sahələrində tətbiq olunan qabaqcıl texnologiyalar, iqlim dəyişikliyinə uyğunlaşmanı təmin edərək ciddi üstünlüklər yaradır. Rəqəmsal texnologiyalar vasitəsilə toplanan məlumatlar əsasında iqlim dəyişikliklərini anlamaq, təhlil etmək və gələcəkdə potensial risklərə qarşı tədbirlər görmək mümkün olur. Bu texnologiyalar eyni zamanda iqlim dəyişiklikləri nəticəsində yaranan hava şəraiti, torpaq eroziyası və digər ekoloji fəsadların öyrənilməsində də effektiv rol oynayır”.
E.Abbasov əlavə edib ki, rəqəmsal texnologiyalarla iqlim dəyişikliyi ilə mübarizədə əldə edilən üstünlüklər gələcək üçün daha təhlükəsiz və dayanıqlı mühit yaratmağa kömək edir:
"Bu texnoloji həllər sayəsində gələcək dəyişikliklərə hazırlıq və adaptasiya prosesləri daha effektiv həyata keçirilə bilir. İqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ texnologiyaların istifadəsi gələcəkdə bu məsələlərin daha dəqiq şəkildə idarə edilməsinə şərait yaradır. Texnologiyaların bu istiqamətdə davamlı tətbiqi isə iqlim dəyişikliyinin mənfi təsirlərini minimuma endirməyə kömək edəcək”.
Fuad Mədətov
Fins.az