“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər pensiyaların daha çox artırılmasına imkan verəcək.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır.
“Cənab Prezident İlham Əliyevin apardığı siyasət hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
2018-ci ildən başlayaraq ikinci mərhələdə pensiya sahəsində islahatlar aparılıb və bu sahədə inqilabi dəyişikliklər olub.
Ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamı ilə Nazirlər Kabinetinə əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminin və 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etmək barədə tapşırıqlar verilmişdi.
Bu tapşırıqların icrası ilə bağlı “Əmək pensiyası haqqında” qanuna dəyişikliklər olur və bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, dünyada tətbiq olunan mütərəqqi indeksasiya sisteminə keçid olunur və bugünə qədər əmək pensiyaçılarının pensiyalarının hesablanmasında olan fərq aradan qaldırılır. Belə ki, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının, o cümlədən dövlət qulluqçusu, hərbi və xüsusi rütbə daşıyan şəxslər, vergi, ədliyyə əməkdaşları, hakimlərin də əmək pensiyaları vahid indeksasiya metodu ilə hesablanacaq.
Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində həmin şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq. Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.
Yuxarıda qeyd olunan kateqoriyadan olan şəxslərin hər birinin pensiyasında bu cür artımlar olacaq”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, qanuna dəyişikliklərin ikinci müsbət mahiyyəti ondan ibarətdir ki, qeyd olunan kateqoriyadan olan şəxslərin də pensiyaların hesablanmasında insan amili aradan qaldırılır və bütün proseslər elektron qaydada həyata keçiriləcək.
“Artıq pensiyaçılar hər hansı bir quruma gedib sənəd təqdim etməyəcəklər, bütün proseslər elektron qaydada baş tutacaq.
Vahid indeksasiya metodu ilə hesablama pensiyaçıların infilyasiyanın təsirlərindən qorunmasını təmin edəcək ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.