SIĞORTA

11 Sentyabr

Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar - İTSDA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları Koreya Respublikasında səfərdə olublar. Səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Azərbaycanda tibb müəssisələrinin sığorta siyasətləri üzrə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil edilib.

Fins.az xəbər verir ki, səfər Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələri öyrənmək məqsədi ilə təşkil olunub. Səfərin ilk günündə təlim iştirakçılarının Azərbaycan və ölkənin səhiyyə sistemi haqqında hazırladıqları təqdimatlar dinlənilib.

Səfər zamanı iştirakçılar Koreya Tibbi Sığortaya Nəzarət və Qiymətləndirmə Xidməti (HIRA), Milli Tibbi Sığorta Xidməti (NHIS) və İlsan Xəstəxanasında olublar. Qurumların məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə təlim iştirakçıları Koreya Respublikasının səhiyyə sisteminin idarə olunması ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.

İştirakçılara Koreya səhiyyə sisteminin strukturu, icbari tibbi sığorta sisteminin tətbiqi və beynəlxalq əlaqələr sahəsində əməkdaşlıq istiqamətləri ilə bağlı məlumatlar verilib, Koreya səhiyyəsi ilə bağlı suallar cavablandırılıb. 

Təlim müddətində iştirakçılar qruplar şəklində Azərbaycanın səhiyyə sistemi ilə bağlı üç fərqli fəaliyyət planı hazırlayaraq səfərin son günündə təqdim ediblər. Fəaliyyət planları İdarəçilik üzrə Koreya İnkişaf İnstitutu (IKAD) və KOICA-nın nümayəndə heyəti tərəfindən dinlənilib, müzakirələr aparılıb və gələcəkdə bu istiqamətdə layihələrin təşkilinə dəstək olmaq məqsədi ilə işlər görüləcəyi bildirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar verilib.



Zemfira Ms
Fins.az