Müsahibimiz Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin sədri Orxan Əfəndiyevdir. O, 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə BDU “Tətbiqi Riyaziyyat” fakültəsinə qəbul olub, Prezident təqaüdçüsü seçilib. 2009-cu ildə isə, həmin fakültənin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasında magistr olaraq təhsilini davam etdirib.
Fins.az sığorta sahəsində 15 ildən çox peşəkar fəaliyyətini davam etdirən Orxan Əfəndiyevlə müsahibəni təqdim edir.
- Orxan müəllim, rəhbəri olduğunuz Azərbaycan Sənaye Sığorta son dövrlər rekord sığorta ödənişi ilə gündəmdədir, bununla bağlı fikirlərinizi bilmək istərdik?
- Bildiyiniz kimi, son illər ölkəmizdə bir neçə böyük yanğın hadisəsi baş verib. Bunlardan ən böyüyü 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, sığortası bizim şirkətdə olan, “Azərsun Sənaye Parkı”dakı yanğındır. Qeyd etdiyiniz kimi, şirkətimiz bu hadisə üzrə rekord ödəniş həyata keçirib.
- Bu iri həcmli sığorta ödənişi şirkətin maliyyə vəziyyətinə necə təsir göstərdi?
- Qeyd etmək istəyirəm ki, maliyyə vəziyyətimizə ciddi təsir göstərməmişdi, belə ki, riskin böyük hissəsi təkrarsığorta olunmuşdur. Bu cür hadisələrin şirkətə təsirini minimuma endirmək üçün, bir neçə məqama diqqət yetirilməlidir: şirkətin, strategiyası, o cümlədən prosedur və qaydaları düzgün tərtib edilməli, onlara düzgün riayət olunmalı və ən əsası doğru biznes partnyorları seçilməlidir.
- 2022-ci ili zərərlə başa vurmağınızın səbəbi adı hallanan yanğın hadisəsi ilə bağlıdırmı?
- Əlbəttə, bu miqyasda böyük hadisə olduğu zaman, aktuarilər bunu daha yaxşı bilir, sığorta şirkətinin ehtiyatlarında kəskin artımlar müşahidə olunur. Bu isə təbii olaraq, şirkətin maliyyə göstəricilərində özünü göstərir. Qeyd etmək istəyirəm ki, ödənişin 2023-cü ildə həyata keçirilməsinə baxmayaraq, bu ili mənfəətlə başa vurmağı hədəfləyirik.
- Maliyyə göstəriciləri demişkən, son illərdə sizin sədrliyinizlə Azərbaycan Sənaye Sığorta ASC-nin artım dinamikası görünməkdədir, bu haqda fikirləriniz?
- Doğrudur, statistikaya nəzər salsaq 2019-cu ildə 5 500 000 manat sığorta haqqı toplandığı halda, 2022-ci ilin nəticələrinə görə bu rəqəm 14 500 000 olmuşdur. Təbii ki, bu nəticə birdən-birə deyil, illər üzrə görülən işlər və əldə olunan nəticələr sayəsindədir. Biz hər il az da olsa böyüməyi hədəfləyirik. Bu isə nəticələrdə özünü göstərir.
- Azərbaycan Sənaye Sığorta şirkəti diqqəti daha çox hansı sığorta növünün inkişafına yönəldib?
- Biz üstünlüyü çoxşaxəli inkişafa veririk. Bildiyiniz kimi, mənim aktuari keçmişim var, düşünürəm bunun təsiridir ki, risklərin bir növdə deyil, daha çox fərqli növlərdə cəmlənməsinə üstünlük verirəm. Göründüyü kimi, əmlak sığortası ən zərərsiz növlərdən sayılsa da, anidən çox böyük zərərlə qarşılaşa bilirik. Nəticədə, bir növ üzrə qarşılaşdığımız zərərin təsirini minimuma endirmək üçün digər növlərdə sığorta yığımlarının olması mütləqdir. Müqayisə etsək bu illər ərzində ən çox AVMMİS (icbari avto) 546%, Könüllü Tibbi Sığorta 236%, yük sığortası 123%, kasko sığorta növü üzrə isə 100% artıma nail olmuşuq.
- Azərbaycan Sənaye Sığortanın son illərdəki bu artım dinamikasının sirlərini paylaşa bilərsinizmi?
- Bunun belə bir sirrinin olduğunu düşünmürəm. Belə ki, düzgün komanda qurub və müştəri məmnuniyyəti hədəf qoyulduğu zaman bu nəticələrdə özünü göstərir. Bildiyiniz kimi, sağlamlıqla bağlı xidmət cəmiyyət üçün həssas mövzudur. Biz də bu yoldan yürüyərək, Könüllü Tibbi Sığortada ciddi dəyişikliklər etdik, “Çağrı Mərkəzi”ni yenilədik, həmçinin yeni xidmətlər əlavə etdik. Bu da ümumilikdə müştəri məmnuniyyətinin artırılmasında özünü göstərdi.
- Şirkətiniz 27 yaş ərəfəsindədir, bu münasibətlə sizləri təbrik edirik, uğurlarınızın davamlı olmasını arzu edirik. Gələcək illərlə bağlı planlarınız nədən ibarətdir?
- Təşəkkür edirəm, bəli, ilin sonu şirkətimizin 27 yaşını qeyd edəcəyik. Gələcək üçün əsas hədəf, müştəri məmnuniyyətinin daha da artırılmasıdır. Artıq o dövr deyil ki, xidmətlər kağız üzərində aparılsın və şirkətə mütləq yaxınlaşmaq tələbi olsun. Bütün mümkün xidmətləri avtomatlaşdırmaq niyyətindəyik. Bunun üçün potensialımız və gücümüz də var.
- Orxan müəllim müsahibə üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm, çox sag olun.