SƏNAYE

09 Oktyabr

Yaşıl enerjinin istifadəsi iqlim dəyişikliyini azaltmağa necə kömək edir? - Elvin Abbasov

Yenilənə bilən enerji texnologiyalarının iqlim dəyişikliyinə təsiri günümüzdə daha da aktualdır.

Bu barədə Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib.

Onun sözlərinə görə, yenilənə bilən enerji texnologiyaları, alternativ enerji mənbələri və metodları, iqlim dəyişikliyinə birbaşa təsir göstərir:

“Bu texnologiyalar, ekosistemləri qorumaq məqsədilə yaradılmışdır. Yaşıl enerjinin istifadəsi, alternativ enerji üsullarının tətbiqi və neft məhsullarının azaldılması bu istiqamətdə atılan önəmli addımlardır. Beləliklə, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atılır”.

E.Abbasov qeyd edib ki, enerjiyə olan tələbin artması ilə bərabər, alternativ enerji mənbələrinin istifadəsi daha da vacib hala gəlir:

“Elektrik enerjisi, elektrikli avadanlıqlar, elektrik maşınları və elektrikli skuturların istifadəsi benzin istehlakını azaldır. Bu da iqlim dəyişikliklərinə müsbət təsir göstərən amillərdən biridir”.

Yenilənə bilən enerji texnologiyaları iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir rol oynadığını vurğulayan E.Abbasov bildirib ki, bu yanaşma, ekosistemlərin qorunması və insanların sağlamlığı üçün vacibdir, eyni zamanda, gələcək nəsillərə daha yaşıl bir planet miras qoymaq məqsədini güdür.

Fuad Mədətov
Fins.az