SƏNAYE

05 Sentyabr

STAR NEZ Zavodu texniki işlər üçün müvəqqəti fəaliyyətini dayandırıb

"SOCAR Turkiye" qrupuna aid STAR neft emalı zavodu (NEZ) 5 sentyabr tarixindən etibarən texniki-profilaktika və modernizasiya işləri üçün müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Fins.az bu barədə “SOCAR Turkiye”yə istinadən xəbər verir.

Təxminən 2 ay davam edəcək bu tədbirlər çərçivəsində zavodun bütün avadanlıqları təftiş ediləcək və təmir olunacaq. Əsas məqsəd zavodun səmərəliliyini artırmaq və texniki xidmət dövrlərinin müddətini 4 ildən 5 ilə qədər uzatmaqdır.

STAR NEZ, 2024-cü il üçün Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 19,5 faizini ödəyir və planlı texniki xidmət tədbirlərindən sonra zavodun istehsal gücünün 2,5 faiz artacağı gözlənilir. "SOCAR Turkiye" təmir işlərinin beynəlxalq məsləhətçilərlə birgə planlaşdırıldığını, həmçinin təhlükəsizlik və əməyin mühafizəsi üzrə işçilərin geniş təlimlər keçdiyini vurğulayıb.

Təmir işlərinin sonunda ümumi iş vaxtının 3,2 milyon insan-saatına çatacağı planlaşdırılır. Modernizasiya zavodun əməliyyat səmərəliliyini artıracaq, yeni texnologiyaların tətbiqi ilə uzunmüddətli böyüməni dəstəkləyəcək.

Qeyd edək ki, STAR NEZ, 2018-ci ilin oktyabr ayında istifadəyə verilmişdir və illik 13 milyon ton neft emal etmək gücünə malikdir. Zavod İzmir yaxınlığında yerləşir və tikintisinə 7 milyard ABŞ dolları sərmayə yatırılmışdır. Zavodun emal etdiyi xammal "Petkim" neft-kimya holdinqinə göndərilir.

Fuad Mədətov
Fins.az