SƏNAYE

12 İyun

Çin quruda qaz kəşfiyyatında Pakistana yardım edəcək

“Pakistanın Baş naziri Şehbaz Şərifin Çinə son səfəri ikitərəfli əlaqələri yeni zirvələrə qaldıracaq və Çin quruda qaz yataqlarının kəşfiyyatında Pakistana kömək edəcək”, -deyə Pakistanın planlaşdırma və inkişaf naziri Əhsan İqbal Narovalda jurnalistlərlə söhbətində bildirib.

Xatırladaq ki, Çin rəhbərliyinin dəvəti ilə Pakistanın Baş naziri 2024-cü il iyunun 4-dən başlayaraq Çinə beş günlük səfər edib.

Tərəflər istənilən hava şəraitində strateji əməkdaşlıq tərəfdaşlığını daha da gücləndirmək, ticarət və investisiyaları inkişaf etdirmək, təhlükəsizlik və müdafiə, enerji, kosmos, elm, texnologiya və təhsil sahələrində əməkdaşlığı genişləndirmək üçün müxtəlif Anlaşma memorandumları imzalayıblar.

Baş nazirin səfərinin digər mühüm aspekti neft-qaz, enerji, İKT və inkişaf etməkdə olan texnologiyalarla məşğul olan aparıcı Çin şirkətlərinin korporativ rəhbərləri ilə görüşlər olub.

Kənd təsərrüfatı sahəsində də əlaqələrin genişləndirilməsi planlaşdırılır. Baş nazir Pakistanın kənd təsərrüfatı sahəsində ali təhsil almaq üçün Çinə tələbələr göndərəcəyini və yeni Qvadar hava limanının bu il istifadəyə veriləcəyini də açıqlayıb.