SƏNAYE

08 May

Türkiyәnin tәbii qazla bağlı hәdәflәri

Türkiyə il әrzindә  təxminən 51 milyard kubmetr təbii qaz istehlakı ilə Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısıdır. 

Türkiyə uzun illər ərzində təbii qazı idxal edirdi. Sakarya təbii qaz yatağında kәşf edilәn tәbii qaz bu vəziyyəti dәyişdirdi. Aprel ayının sonunadək hasil edilən təbii qazın miqdarı təxminən 4,6 milyon kubmetrə çatıb. Ancaq hədəf daha böyükdür. Türkiyə 2025-ci ilin əvvəlinə qədər gündəlik hasilatı 10 milyon kubmetrə çatdırmağı hədəfləyir. Yeni kəşflərlə qısa müddətdə hasilatın 20 milyon kubmetrdən çox olması gözlənilir. Bu o deməkdir ki, təxminən  9-10 milyon ev təbii qazı milli ehtiyatlar hesabına təmin ediləcək. Bu səbəbdən təbii qazın saxlanması ilə bağlı hədəflər bir-bir həyata keçirilir. 2028-ci ilə qədər Türkiyə istifadə etdiyi qazın 20 faizini  saxlamağı hədəfləyir. Enerji və Təbii Sərvətlər Nazirliyinin planlarına görə, Türkiyənin anbar tutumundan istifadə nisbəti  50 faizə çata bilər. Bu səbəbdən də Tuz Gölü Təbii Qaz Anbar Hövzəsi başda olmaqla bir çox ərazilərdə təbii qaz anbarlarının yaradılması və ya genişləndirilməsi planlaşdırılır. Ancaq tək səbəb bu deyil. Türkiyənin anbar tutumunu artırmaq üçün enerji mərkəzinə çevrilməsi layihəsinin digər səbəbi də qarşıdakı dövrdə qurulacaq enerji mərkəzidir. Trakyada mərkəzin qurulacağı yer müəyənləşdirilib. Mərkəzin bu il qurulması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, Rusiya ilə birgə həyata keçiriləcək layihə çərçivəsində Moskva-Ankara xəttində davamlı olaraq nümayəndə heyətləri arasında danışıqlar aparılır. Layihənin yekunlaşdırılması istiqamətində işlər davam edir. Hazırda Türkiyənin ümumilikdə 7 beynəlxalq təbii qaz boru kəməri, 2-si üzən anbar və qazlaşdırma qurğusu olmaqla 4 LNG qurğusu və 2 yeraltı təbii qaz anbarı var. Beynəlxalq layihələrdən biri olan “Türk axını” Rusiyanın Anapa şəhərindən Kırklarelinin Kıyıköy bölgәsinәdәk uzanan hər biri 930 kilometr uzunluğunda iki boru kəmərindən ibarətdir. Qara dənizin altından keçən  xətlərdən biri Türkiyənin milli şəbəkəsinə birləşir. Digəri isə Türkiyədən keçəcək təbii qazın Avropaya nəqlini təmin edir. Hər bir xətt ildə 15,75 milyard kubmetr tәbii qaz nəql etmək gücünə malikdir. Rusiya təbii qaz kəmərinin gücünü artırmaq istəyir. Məsələ ilə bağlı müzakirələr davam edir.

Rusiyadan Türkiyəyə Qara dənizdən keçən digər təbii qaz kəməri isə “Mavi axın”dır. Bu xətt illik 16 milyard kubmetr tәbii qaz ötürmә qabiliyyәtinә malikdir.

Azərbaycanın təbii qazını nəql edən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) hazırda 16 milyard kubmetr təbii qaz nəql etmək gücünə malikdir. Bu təbii qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql edilir. Xəttin gücünün qısa müddətdə iki dəfə artırılması nəzərdə tutulur.

Türkiyə də Orta Asiyadakı Türk Cümhuriyyətləri ilə müqavilələr imzalayaraq təbii qaz müxtəlifliyini genişləndirmək istəyir. Bu istiqamətdə ilk addım Türkmənistanla atıldı. Martın əvvəlində iki ölkə arasında təbii qaz üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycanın işğaldan azad etdiyi Dağlıq Qarabağdakı Zəngəzur dəhlizinin açılması ilə ölkə təbii qazını Xəzər dənizi vasitəsilə Türkiyəyə nəql etməyi hədəfləyir. Bu xətt həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.