SƏNAYE

23 Fevral

Sumqayıt Kimya Sənaye Parkında investisiya dəyəri 11 milyon manata yaxın olan şirkət fəaliyyətə başlayacaq

"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur".

Qeyd edək ki, təkcə 2023-cü ildə Azərbaycanın sənaye parklarında İqtisadi Zonanın İnkişafı Agentliyi tərəfindən idarə olunan 26 sahibkarlıq subyekti rezident statusu alıb. 7 sahibkarlıq subyekti Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası”, 8-i Sumqayıt Kimya-Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezident statusu alıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sənaye müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında dövlət hüquqi şəxs kimi İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Hazırda agentlik 6 sənaye parkı, 4 sənaye məhəlləsi, 51 aqropark və peşə hazırlığı mərkəzini idarə edir.

Fuad Mədətov
Fins.az