Qarabağ və Şərqi Zəngəzurda funksional insan coğrafiyası bərpa olunur - UN-Habitat

Qarabağ və Şərqi Zəngəzurda funksional insan coğrafiyası bərpa olunur - UN-Habitat

SOSİUM
209

Şəhərlərin planlaşdırılması yalnız urban məkanlarla məhdudlaşmamalı, bütöv ərazilərin inkişafı ilə paralel şəkildə həyata keçirilməlidir.

Fins.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, şəhər və kəndlər arasındakı əlaqələrin planlaşdırmanın ilkin mərhələsində nəzərə alınması kənd icmalarının bazarlara və xidmətlərə çıxışını genişləndirir, şəhərlərin isə ərzaq sistemləri, su ehtiyatları və əmək resursları ilə təminatını gücləndirir.

Anaklaudia Rossbaxın sözlərinə görə, nəqliyyat dəhlizləri yalnız tranzit marşrutları kimi deyil, bütöv regionların inkişafını təmin edən əsas sütunlar kimi qiymətləndirilməlidir.

UN-Habitat rəsmisi vurğulayıb ki, nəqliyyat infrastrukturlarına investisiya yatırılarkən həmin marşrut boyunca yerləşən icmaların mənzil təminatı, bazarlara çıxışı, xidmətlərə əlçatanlığı, torpaq istifadəsi və dolanışıq imkanları da diqqət mərkəzində saxlanılmalıdır.

O bildirib ki, bu yanaşma xüsusilə postmünaqişə dövründə daha böyük əhəmiyyət daşıyır və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma prosesi bu baxımdan mühüm nümunədir.

Rossbax xatırladıb ki, ötən ilin oktyabrında keçirilmiş Milli Şəhərsalma Forumu çərçivəsində bölgəyə səfəri zamanı yaşayış məntəqələrinin, ictimai xidmətlərin, rəqəmsal bağlantının və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışı əsasında inteqrasiyası onu xüsusi təsirləndirib.

Onun sözlərinə görə, burada məqsəd yalnız şəhər və qəsəbələrin fiziki bərpası deyil, funksional insan coğrafiyasının yenidən formalaşdırılmasıdır.

UN-Habitat rəsmisi əlavə edib ki, regional nəqliyyat, enerji və rəqəmsal şəbəkələr üzrə layihələr həyata keçirilərkən həmin marşrutlarda yerləşən şəhər və kəndlər keçid əraziləri deyil, investisiya potensialına malik aktivlər kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir və forum çərçivəsində dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və regional əməkdaşlıq məsələləri müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzurda funksional insan coğrafiyası bərpa olunur - UN-Habitat — Fins.az — Fins.az