
Qarabağ atlarını və milli ornamentləri əks etdirən yeni xalça dizaynları hazırlanacaq
Bu gün “Azərxalça” ASC və “Qarabağ Futbol Klubu” ( Qarabağ FK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Fins.az xəbər verir ki, memorandumu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və “Qarabağ FK”nın Prezidenti Tahir Gözəl atıb. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.
Bundan sonra hər iki tərəf “Qarabağ FK”nın rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentlərini, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementlərini özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.
“Azərxalça” ASC sədri xüsusi vurğulayıb ki, “Azərxalça” ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir.
"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov çıxışı zamanı “Azərxalça” ilə imzalanan memorandumun əhəmiyyətini xüsusi vurğulayıb.
“Bu əməkdaşlıq milli dəyərlərin qorunması və təbliği baxımından mühüm addımdır. Futbolun geniş auditoriyasını nəzərə alsaq, belə layihələr Qarabağ adının və Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına əlavə töhfə verəcək”.




