
Naxçıvanda əmək bazarında aktivlik artıb
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının əmək bazarında nəzərəçarpacaq aktivlik müşahidə olunub.
Fins.az-ın məlumatına görə, il ərzində ümumilikdə 26 982 yeni əmək müqaviləsi imzalanıb.
Məlumata əsasən, bağlanmış müqavilələrin 13 579-u dövlət sektorunun, 13 403-ü isə qeyri-dövlət sektorunun payına düşüb. Bu göstərici özəl sektorun əmək bazarında dövlət sektoru ilə demək olar ki, eyni səviyyədə aktivlik nümayiş etdirdiyini göstərir.
İlin yekununa görə, aktiv əmək müqavilələrinin ümumi sayı 54 617-yə çatıb ki, bu da əmək bazarında sabit məşğulluq tendensiyasının formalaşdığını göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir.
Bununla yanaşı, 2025-ci ildə 663 nəfər ödənişli ictimai işlərə cəlb olunub. Onlardan 537 nəfər “DOST” İş Mərkəzi vasitəsilə, 126 nəfər isə Naxçıvan “DOST” İş Mərkəzinin xətti ilə işlə təmin edilib.
Özünüməşğulluq proqramı çərçivəsində isə il ərzində 564 nəfər aktivlərlə təmin olunaraq öz biznes fəaliyyətini qurmaq imkanı əldə edib.