
Mayda ictimai iaşə dövriyyəsi azalıb
Cari ilin may ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyniayı ilə müqayisədə 3,2 dəfə azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəticədə ictimai iaşə xidmətlərinin həcmi keçən ilin yanvar-may ayları ilə müqayisədə 36,8 faiz azalaraq 342,4 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 44,6 faizi hüquqi şəxslərin, 55,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 30,5 faiz azalaraq 151,2 milyon manat təşkil edib.
Qeyd edək ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı kəskin azalma (cari ilin mart, aprel və may ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə) nəticəsində mart, aprel və may aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmində azalma müşahidə olunub.