
İqlim dayanıqlı şəhərlər üçün erkən xəbərdarlıq sistemləri vacibdir - Nazir müavini
Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemlərinin yaradılması və tətbiqi istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləyir.
Fins.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” adlı tədbirdə çıxış edib.
Nazir müavini bildirib ki, ictimai maarifləndirmə, yerli səviyyədə fəlakət risklərinin planlaşdırılması və icrası, eləcə də kommunikasiya sistemlərinin düzgün təşkili mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, iqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması hazırda əsas prioritetlər sırasındadır.
Cəbrayıl Xanlarov qeyd edib ki, şəhərsalma və tikinti prosesinin bütün mərhələlərində ətraf mühit amilləri nəzərə alınmalıdır və bu, dayanıqlı inkişaf üçün vacib şərtdir.
O, həmçinin enerji səmərəli sistemlərdən istifadə, su təchizatı infrastrukturunun təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrinin tətbiqi və “ağıllı şəhər” konsepsiyası çərçivəsində infrastrukturun iqlim dayanıqlılığının artırılmasının vacibliyini vurğulayıb.
Nazir müavini bildirib ki, Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə kompleks tədbirlər həyata keçirir və erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsini vacib hesab edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə əməkdaşlığı ilə Bakıda keçirilir.
Forum şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf üzrə qlobal müzakirələr üçün əsas platformalardan biri kimi çıxış edir.