Bakı–Kürdəmir qatarı məsafəni cəmi 2 saat 11 dəqiqəyə qət edəcək

Bakı–Kürdəmir qatarı məsafəni cəmi 2 saat 11 dəqiqəyə qət edəcək

SOSİUM
568

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) təşəbbüsü ilə Kürdəmir Dəmiryol Stansiyası yenidən istifadəyə verilib və bu münasibətlə ilk rəmzi qatar səfəri təşkil olunub.

Fins.az xəbər verir ki, açılış mərasimində çıxış edən ADY sədrinin müavini Arif Ağayev Kürdəmir stansiyasının bərpasını dəmir yolu infrastrukturu üçün mühüm addım kimi qiymətləndirib. O bildirib ki, Kürdəmirin strateji coğrafi mövqeyi həm beynəlxalq, həm də ölkədaxili nəqliyyat axınlarında əhəmiyyətli rol oynayır və stansiyanın yenidən fəaliyyəti sərnişindaşımada əlçatanlığı artıracaq.

Onun sözlərinə görə, Kürdəmir stansiyası Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı və həftəsonu Bakı–Ağstafa–Bakı marşrutlarına inteqrasiya ediləcək. Bu dəyişiklik Ağsu, Göyçay, Zərdab və Sabirabad rayonlarının sakinləri üçün də nəqliyyat imkanlarını genişləndirəcək.

A. Ağayev əlavə edib ki, Bakıdan Kürdəmirə qatarla səfər müddəti pandemiyadan əvvəlki göstərici ilə müqayisədə 1 saat qısaldılaraq daha sürətli hərəkət təmin olunacaq. Eyni zamanda marşrutlarda müasir “Stadler” qatarlarının istifadəsi nəzərdə tutulur və sərnişinlərə həftənin bütün günləri daha komfortlu xidmət göstəriləcək.

ADY rəsmisi gələcək planlar barədə də məlumat verərək Ağdam–Xankəndi dəmir yolu xətti və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışının növbəti mərhələdə həyata keçiriləcəyini diqqətə çatdırıb.

Digər açıqlamada “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov qeyd edib ki, Kürdəmir stansiyasına qatarların səfər müddəti əvvəl 3 saat 11 dəqiqə olduğu halda, hazırda 2 saat 11 dəqiqəyə qədər azaldılıb. Sərnişinlərin gündəlik olaraq Bakı–Qazax–Bakı və Bakı–Balakən–Bakı qatarları ilə Kürdəmir istiqamətində səyahət edə biləcəyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı–Kürdəmir qatarı məsafəni cəmi 2 saat 11 dəqiqəyə qət edəcək — Fins.az — Fins.az