
Azərbaycanda saatlıq əməkhaqqı modeli yaxın vaxtlarda tətbiq oluna bilər - Vüqar Bayramov
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda mümkün ola bilər.
Fins.az xəbər verir ki,bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlər aparılır.
Deputat bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsi bu modelin bir sıra üstünlüklərini göstərir. Saatlıq əməkhaqqı sistemi işçilərin əsas iş saatlarından artıq – “overtime” müddətində çalışdıqları vaxt üçün əlavə ödəniş almalarına imkan yaradır. Eyni zamanda, bu yanaşma vətəndaşların bir neçə iş yerində çalışmaq imkanlarını da genişləndirir.
Yeni mexanizmin tətbiqi əməkhaqqının aylıq deyil, saatlıq əsasda hesablanmasına gətirib çıxaracaq. Bu isə işlənilən saatların daha dəqiq uçotunu təmin etməklə yanaşı, əməkhaqlarında artıma səbəb ola bilər.
Beynəlxalq təcrübəyə əsasən, qeyri-iş günlərində və ya iş saatlarından sonra çalışanlara xüsusi əmsalların tətbiqi də mümkün olacaq ki, bu da onların daha yüksək gəlir əldə etməsinə şərait yaradır.
V.Bayramov qeyd edib ki, saatlıq əməkhaqqı sistemi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur və əsas məqsəd işçi əməyinin daha yüksək qiymətləndirilməsidir.
Deputat əlavə edib ki, yeni sistem çərçivəsində saatlıq minimum əməkhaqqı meyarları müəyyən ediləcək və bu göstəricilər aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılacaq, hətta daha yüksək səviyyədə müəyyən oluna bilər.
O vurğulayıb ki, hazırda mexanizmin hazırlanması prosesi davam edir və yekun razılaşdırmalardan sonra tətbiq vaxtı açıqlanacaq.