Azərbaycanda məktəblərdə TikTok və riskli məzmunlar bloklanıb

Azərbaycanda məktəblərdə TikTok və riskli məzmunlar bloklanıb

SOSİUM
252

2024-cü ildə klinik tədqiqatlar əsasında aparılmış araşdırmalar göstərib ki, psixi pozuntuları olan yeniyetmələr sosial şəbəkələrdə yaşıdları ilə müqayisədə gündə orta hesabla 50 dəqiqə daha çox vaxt keçirirlər.

Fins.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin üç komitəsinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Nazir müavininin sözlərinə görə, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasında əsas məqsəd onların psixi sağlamlığının qorunması, zərərli məzmunlardan, cinayətkarlıq risklərindən, iqtisadi asılılıqdan və digər mənfi təsirlərdən uzaq saxlanılmasıdır.

Firudin Qurbanov bildirib ki, bir sıra alimlər və ekspertlər bu cür məhdudiyyətlərin mümkün mənfi tərəflərinə də diqqət çəkir. Onların fikrincə, 16 yaşa qədər uşaqların rəqəmsal mühitdən tam təcrid olunması müasir dövrdə zəruri olan rəqəmsal bacarıqların formalaşmasına mənfi təsir göstərə bilər.

O qeyd edib ki, digər mühüm məsələ nəzarət mexanizmlərinin çətinliyidir. Təcrübə göstərir ki, uşaqlar bir çox hallarda yaşlarını yanlış təqdim edir və tətbiq olunan məhdudiyyətləri müxtəlif üsullarla aşmağa çalışırlar. Bu səbəbdən yalnız texniki həllərlə deyil, həm də maarifləndirici və davranış yönümlü yanaşmaların tətbiqi vacib hesab olunur.

Nazir müavini əlavə edib ki, rəqəmsal savadlılığın artırılması, təhlükəsiz internet davranışlarının öyrədilməsi və psixoloji dayanıqlığın gücləndirilməsi daha effektiv nəticələr verə bilər.

Onun sözlərinə görə, Azərbaycanda məktəblərdə TikTok platformasına çıxış bloklanıb, şagirdlərin internetə çıxışı ümumilikdə filtrlənir, terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli məzmunlarla bağlı resurslara giriş məhdudlaşdırılıb. Hazırda 200-dən çox riskli mövzu üzrə filtrləmə tətbiq olunur.

Firudin Qurbanov vurğulayıb ki, beynəlxalq təcrübə uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasının sadə həll olmadığını göstərir. Onun sözlərinə görə, sosial şəbəkələr bir tərəfdən depressiya, narahatlıq və aqressiya kimi risklərlə əlaqələndirilsə də, digər tərəfdən ünsiyyət, sosial iştirak və ifadə azadlığı üçün imkanlar yaradır.

Nazir müavini qeyd edib ki, əsas məqsəd uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal imkanlardan faydalanmasına şərait yaratmaqdır və bu proses yalnız dövlət, məktəb, valideyn və texnologiya şirkətlərinin birgə fəaliyyəti ilə mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda məktəblərdə TikTok və riskli məzmunlar bloklanıb — Fins.az — Fins.az