
Azərbaycanda işçilərə gecikdirilən sosial ödənişlər tam şəkildə ödənilib və onların hüquqları bərpa olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin yanvar–aprel ayları ərzində işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial xarakterli ödənişlərin gecikdirilməsi ilə bağlı faktlar aşkar edib.
Fins.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, ümumilikdə 292,3 min manat məbləğində vəsaitin işçilərə vaxtında ödənilmədiyi müəyyən olunub.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən tam şəkildə işçilərə ödənilib. Məlumata görə, bu məbləğin 91%-i əməkhaqqı, 9%-i isə müavinət, kompensasiya və zərərə görə ödənişlərdən ibarət olub.
Araşdırmalar zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti həmçinin 50 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Qanunvericiliyə uyğun görülən tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki iş yerlərinə bərpa olunublar.