
Azərbaycanda gənclərin urban inkişaf proseslərinə cəlbi uğurlu nəticələr verir - Böyük Britaniya rəsmisi
Gənclərin Ümumdünya Şəhərsalma Forumunda iştirakı onların şəhərsalma və urbanistika sahəsinə marağını artırmaqla yanaşı, gələcək peşə seçimlərinə də müsbət təsir göstərir.
Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti Samir Bəqain Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağ Şəhər pavilyonu tərəfindən təşkil olunan tədbirdə bildirib.
Samir Bəqain qeyd edib ki, sağlam şəhər mühitinin formalaşdırılmasına maraq göstərən çoxsaylı gənclərin forumda iştirakı urbanistika və tikinti sektoru üçün mühüm stimul hesab olunur.
Onun sözlərinə görə, Yaxın Şərq və Avropanın bəzi ölkələrində gənclər şəhərsalma və tikinti sahəsini karyera istiqaməti kimi yetərincə nəzərdən keçirmirlər.
Bəqain vurğulayıb ki, gənclərin forum kimi beynəlxalq platformalarda iştirakı onlar üçün yeni imkanlar yaradır və bu sahədə peşə seçiminə ilham verir.
Ekspert bildirib ki, bu gün gənclərin şəhər planlaşdırılması və urban inkişaf proseslərinə cəlb olunması yaxın 10–20 ildə bu sahədə fəaliyyət göstərəcək yeni mütəxəssislərin formalaşmasına təsir edə bilər.
O əlavə edib ki, Azərbaycanın gəncləri şəhər mühitinin planlaşdırılması və inkişafı proseslərinə cəlb etmək istiqamətində həyata keçirdiyi təşəbbüslər uğurlu nəticələr verir.
Samir Bəqainin sözlərinə görə, bu cür layihələr uzunmüddətli perspektivdə şəhərlərin dayanıqlı inkişafına və gələcək nəsillər üçün daha komfortlu urban mühitin yaradılmasına töhfə verir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir və forum çərçivəsində şəhərsalma, mənzil siyasəti, dayanıqlı inkişaf və urbanizasiya məsələləri müzakirə olunur.