
Azərbaycanda əhalinin 10,7%-i pensiya alır - Vüqar Bayramov
Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatda olub və bu, ölkə əhalisinin 10,7 faizini təşkil edir.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin plenar iclasında məlumat verib.
Onun sözlərinə görə, pensiyaçıların 65 faizi yaşa görə pensiya alan vətəndaşlardır.
Deputat bildirib ki, ölkədə pensiya məbləğlərində artım tendensiyası davam edir. O qeyd edib ki, 2025-ci ildə pensiya məbləğləri 9,1 faiz artaraq 541,6 manata çatıb.
Məlumata görə, yaşa görə pensiya məbləğində 8,9 faiz, əlilliyə görə pensiyada 8,7 faiz, ailə başçısını itirməyə görə pensiyada isə 9,4 faiz artım qeydə alınıb.
V.Bayramov vurğulayıb ki, aylıq sosial müavinət alanların sayı da artaraq 4,1 faiz yüksəlib və hazırda 472 min vətəndaş bu ödənişlərdən faydalanır.
Deputat əlavə edib ki, çoxuşaqlı ailələrin sosial dəstəyi prioritet olaraq qalır. Onun sözlərinə görə, bu kateqoriyadan olan ailələrdə aylıq müavinət alan uşaqların sayı 7,3 faiz artıb.
Eyni zamanda bildirilib ki, 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında 17,6 faiz artım qeydə alınıb.
Vüqar Bayramov qeyd edib ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı 40 faiz artıb və bu, inklüzivliyi dəstəkləyən mühüm humanitar nəticə kimi qiymətləndirilir.
Bundan əlavə, 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336 min üzvünün ünvanlı dövlət sosial yardımı aldığı və bu vəsaitlərin hesablanması zamanı ailədəki uşaqların sayının da nəzərə alındığı bildirilib.