Azərbaycana 6 ayda 1,09 milyon xarici vətəndaş səfər edib

Azərbaycana 6 ayda 1,09 milyon xarici vətəndaş səfər edib

SOSİUM
212

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,3% azdır.

Hesabat dövründə Azərbaycana gələnlərin 28,1%-ni Rusiya Federasiyası, 21,0%-ni Türkiyə, 8,2%-ni İran, 4,9%-ni Gürcüstan, 4,6%-nı Qazaxıstan, 3,2%-ni Özbəkistan, 2,9%-nu Pakistan, 2,8%-ni Hindistan, 2,6%-nı İsrail, 2,4%-nü Çin, 1,8%-ni Səudiyyə Ərəbistanı, 1,6%-nı Ukrayna, 1,3%-nü Türkmənistan, hər birindən 1,1% olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları təşkil edib.

Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin payı isə ümumi gələnlərin 12,4%-i olub.

Ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 68,7%-i kişilər, 31,3%-ü isə qadınlar olub.

Aİ və MDB ölkələrindən gələnlərin sayı artıb

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 9,3% artaraq 54,4 min nəfərə çatıb.

MDB ölkələrindən gələnlərin sayı da 1,8% artaraq 430,4 min nəfər olub.

Bununla yanaşı, körfəz ölkələrindən gələnlərin sayı 31,4% azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 14,1% azalaraq 480,1 min nəfər təşkil edib.

Əcnəbilərin əksəriyyəti hava nəqliyyatından istifadə edib

Hesabat dövründə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava nəqliyyatından istifadə edib.

Onların 27,5%-i dəmir yolu və avtomobil, 1,4%-ü isə dəniz nəqliyyatı ilə ölkəyə daxil olub.

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azalıb

2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalaraq 937,4 min nəfər təşkil edib.

Xaricə səfər edən vətəndaşların 41,5%-i Türkiyəyə, 17,1%-i Rusiya Federasiyasına, 11,7%-i Gürcüstana, 6,2%-i İrana, 23,5%-i isə digər ölkələrə səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə səfərlərin sayı 3,5%, Gürcüstana səfərlərin sayı isə 0,2% artıb.

Eyni zamanda, Rusiyaya səfərlər 3,0%, İrana səfərlər isə 41,0% azalıb.

Xaricə gedənlərin 69,8%-i hava nəqliyyatına üstünlük verib

Hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının 66,5%-ni kişilər, 33,5%-ni isə qadınlar təşkil edib.

Onların 69,8%-i hava, 28,1%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edərək xarici ölkələrə səfər edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana 6 ayda 1,09 milyon xarici vətəndaş səfər edib — Fins.az