
Abşeronda tullantı sularının idarə olunması ilə bağlı monitorinq nəticələri açıqlanıb
Abşeron yarımadasının fiziki coğrafi və hidrogeoloji xüsusiyyətləri ilə bağlı aparılan araşdırmalar nəticəsində ərazinin Qərbi Abşeron və Şərqi Abşeron olmaqla iki hissəyə bölündüyü müəyyən edilib. Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunur ki, bu bölgülərin sərhəddi şimalda Nardaran qəsəbəsindən cənubda Hövsan burnuna qədər uzanır və Orta Abşeron ilə Xəzər yaşlı çöküntülərin qərb sərhədi boyunca keçir.
Hesabatda bildirilir ki, bu rayonlarda yerləşən sinklinal strukturlarda yayılmış çöküntü komplekslərinin sululuğu təzyiqli və qrunt sularına bölünür. Sulu horizontların sərhədləri, istismar ehtiyatları, qidalanma mənbələri və digər horizontlarla əlaqələri ayrıca öyrənilib.
Tullantı sularının mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması və Xəzər dənizinə göstərilən mənfi təsirlərin araşdırılması məqsədilə sahil zolağında monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə görə, dənizə tullantı suları axıdan mənbələrin böyük hissəsi Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərində yerləşir.
Araşdırmalara əsasən, inzibati rayonların ərazisindən dənizə istiqamətlənən 101 axar mövcuddur. Onlardan 90-ı Bakı, 11-i isə Sumqayıt ərazisində yerləşir.
Hesabatda qeyd olunur ki, dənizin çirklənməsinə səbəb olan əsas amillər qarışıq məişət və sənaye tullantı suları, həmçinin çirkab sutəmizləyici qurğularının çatışmazlığıdır. Bununla yanaşı, yağış suları kollektorlarının da çirklənmədə rolu var. Bu kollektorlar keçmiş Sovet İttifaqı dövründə Bakı şəhərinin urbanizasiya planına uyğun olaraq inşa edilib.
Lakin son illərdə əhali sıxlığının artması və yeni qəsəbə və yaşayış massivlərinin yaranması nəticəsində həmin kollektorlara tullantı sularının axıdılması halları çoxalıb. Bu isə çirkləndirici maddələrin birbaşa Xəzər dənizinə tökülməsinə səbəb olur.