
XI Azərbaycan Beynəlxalq Sığorta Forumu 2026 Bakıda keçirilir
Fins.az - 24–25 iyun 2026-cı il tarixlərində Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan forum yerli və beynəlxalq sığorta mütəxəssislərini bir araya gətirərək sığorta bazarına dair aktual mövzuların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Forumun əsas məqsədi qlobal sığorta bazarlarında formalaşan müasir trendlərlə tanış olmaq, yerli və xarici sığortaçı qurumlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək, dünya təcrübəsini və sektorun qarşısında duran yeni çağırışları müzakirə etməkdir.
Forumda aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli sığorta bazarının iştirakçıları, beynəlxalq sığorta təşkilatlarının təmsilçiləri, 20-yə yaxın ölkədən sığorta mütəxəssisləri, bank və maliyyə institutlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak edirlər.
Rəsmi hissədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və İcbari Sığorta Bürosunun icraçı direktorunun müavini Seymur Mirzəyev çıxış edəcəklər.
Forumun ilk günündə “Özəl pensiya sisteminin gələcəyi: beynəlxalq pensiya modelləri” mövzusunda panel təşkil olunur. Paneldə Matti Leppälä, Csaba Nagy və Olga Maslova təqdimatlarla çıxış edəcəklər.
Daha sonra “Təkrarsığorta, təbii fəlakət riskləri (NatCat) və bazarın dayanıqlılığı: şokların yumşaldılması” mövzusunda panel keçirilir. Müzakirələrdə Dmytro Gamankov, Sinan Akkar, Elina Moshkovich və Vasilis Katsipis iştirak edəcəklər.
Günün sonunda Azərbaycanın aparıcı sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə “Azərbaycanda sığortanın inkişafı: imkanlar, maneələr və həll yolları” mövzusunda CEO dəyirmi masası keçiriləcək.
Forumun ikinci günü “Türk dünyası sığorta bazarı: trendlər, çağırışlar və yeni inkişaf meyilləri” paneli ilə başlayır. Panelə Abas Miskərli moderatorluq edəcək. Müzakirələrdə Ahmet Yaşar, Ulan Baktıqulov, Kamoliddin Abdurakhimov və Börte Barlasoğlu çıxış edəcəklər.
Daha sonra həyat və sağlamlıq sığortası bazarının inkişaf perspektivlərinə həsr olunan paneldə müxtəlif beynəlxalq sığorta şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forum çərçivəsində “Sığorta sahəsində peşəkar təhsil” mövzusunda keçirilən paneldə Matthew Hill, Namiq Xəlilov, Nikolai Kröger və Yosef Alshabrami çıxış edəcəklər.
Tədbirin yekun paneli “Sığorta brokerliyində qlobal trendlər” mövzusuna həsr olunur. Paneldə Suresh Nair, Alla Migashko və Menekşe Uçaroğlu iştirak edəcəklər.
Beləliklə, XI Azərbaycan Beynəlxalq Sığorta Forumu 2026 qlobal sığorta sənayesinin aparıcı ekspertlərini, dövlət qurumlarını və bazar iştirakçılarını bir araya gətirərək özəl pensiya sistemləri, təkrarsığorta, təbii fəlakət riskləri, həyat və sağlamlıq sığortası, peşəkar təhsil və sığorta brokerliyi kimi mühüm mövzular ətrafında geniş müzakirələr üçün platforma yaradır.