
İşsizlərə dəstək: Ötən il sığorta ödənişlərinə 17 milyon manat xərclənib
2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabata əsasən, muzdla çalışan işçilərin 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Müəssisə və təşkilatlarda çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahəsində, qalan hissəsi isə müxtəlif xidmət sahələrində çalışır.
Məşğulluq tədbirləri
2025-ci il ərzində 189,4 min nəfər münasib işlə təmin olunub. Eyni zamanda 18,4 min nəfər peşə hazırlığı kurslarına, 16,8 min nəfər özünüməşğulluq proqramına cəlb edilib, 10,8 min nəfərə isə işsizlikdən sığorta ödənişi təyin olunub.
Peşə hazırlığı kursları
Hesabat ilində ümumilikdə 18,4 min nəfər peşə hazırlığına cəlb olunub və kursu bitirənlərin 61,4 faizi işlə təmin edilib.
Peşə hazırlığına cəlb olunanların 11,8 min nəfəri qadınlar, 9,5 min nəfəri isə 14–29 yaş arası gənclər olub. Proqram iştirakçıları arasında 487 nəfər əlilliyi olan şəxs, 1,4 min nəfər keçmiş məcburi köçkün, 52 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs, 332 nəfər müharibə iştirakçısı və 4 nəfər şəhid ailəsi üzvü də yer alıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə məskunlaşan şəxslərdən 152 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.
Özünüməşğulluq proqramı
2025-ci ildə özünüməşğulluq proqramına 16,8 min nəfər cəlb edilib. Onların 8,8 min nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə istehsal və xidmət sahələri üzrə fəaliyyət göstərmək üçün proqrama qoşulub.
Proqram iştirakçıları arasında 94 nəfər şəhid ailəsi üzvü, 1,3 min nəfər əlilliyi olan şəxs, 976 nəfər keçmiş məcburi köçkün, 6,5 min nəfər qadın, 2,5 min nəfər 29 yaşadək gənc, 262 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 131 nəfər ünvanlı dövlət sosial yardımı alan şəxslər olub.
İşsizlikdən sığorta ödənişi
Hesabat dövründə 10,8 min nəfər işsiz şəxsə işsizlikdən sığorta ödənişi təyin olunub ki, bu da 2024-cü illə müqayisədə 1042 nəfər çoxdur. 2025-ci ildə bu ödənişlər üçün 17 milyon manat vəsait xərclənib.
İctimai işlər
2025-ci ildə 7 min nəfər şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Onların 215 nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlilliyi olan şəxslərdir. İştirakçılar arasında 173 nəfər müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs, 696 nəfər müharibə veteranı, 396 nəfər keçmiş məcburi köçkün, 2,8 min nəfər qadın və 699 nəfər 29 yaşadək gənclər yer alıb.