Azərbaycanın sığorta bazarı son 4 ildə təxminən 2 dəfə böyüyüb - Ülviyyə Cabbarova

Azərbaycanın sığorta bazarı son 4 ildə təxminən 2 dəfə böyüyüb - Ülviyyə Cabbarova

SIĞORTA
213

Fins.az - Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində çıxış edən Ülviyyə Cabbarova Azərbaycanın sığorta bazarının inkişafı, sektorda mövcud imkanlar və qarşıdakı dövrün prioritetləri barədə fikirlərini bölüşüb.

Ülviyyə Cabbarova forum iştirakçılarını salamlayaraq bildirib ki, bir illik fasilədən sonra ənənəvi tədbirin yenidən keçirilməsi sığorta ictimaiyyəti üçün mühüm hadisədir. Onun sözlərinə görə, son illərdə Azərbaycan sığorta bazarı əhəmiyyətli inkişaf yolu keçib və hazırda bazarın son 4 ildə təxminən 2 dəfə böyüdüyünü qürurla qeyd etmək mümkündür.

O bildirib ki, əldə olunan nəticələr dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub. Bununla yanaşı, Ü.Cabbarova vurğulayıb ki, sığorta penetrasiyasının artırılması istiqamətində ölkədə hələ də geniş potensial mövcuddur və əsas məqsəd bu imkanların tam reallaşdırılmasıdır.

Müşahidə Şurasının sədri qeyd edib ki, sektorun qarşısında duran əsas vəzifə yalnız bazarın böyüməsi deyil, həm də sığortanın insanların həyatında daha böyük rol oynaması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha çox töhfə verməsidir. O əlavə edib ki, dəyişən dünyada risklərin artması və gözləntilərin yenilənməsi sığortanın əhəmiyyətini daha da artırır.

Ü.Cabbarovanın sözlərinə görə, sığorta artıq təkcə zərərin ödənilməsi mexanizmi kimi deyil, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına və bizneslərin gözlənilməz risklər qarşısında davamlılığının təmin edilməsinə xidmət edən mühüm alətə çevrilib.

O bildirib ki, qlobal sığorta bazarında da əsas müzakirələr dəyişən risklər və həmin risklərə uyğun həllər ətrafında formalaşır. Ü.Cabbarova qeyd edib ki, son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sığorta sektorunun qarşısında yeni vəzifələr qoyur. Bu çağırışlar isə daha çevik fəaliyyət göstərməyi, innovativ məhsullar hazırlamağı və müştərilərin dəyişən tələblərinə daha sürətli uyğunlaşmağı zəruri edir.

Müşahidə Şurasının sədri diqqətə çatdırıb ki, “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi sektorun əsas prioritetləri kimi müəyyən olunub. Onun fikrincə, bu sənəd təkcə dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsidir.

Ülviyyə Cabbarova çıxışında bildirib: "Xüsusilə vurğulamaq istəyirəm ki, bu hədəflərə çatmaq yalnız dövlət qurumlarının deyil, bütün bazar iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və birgə fəaliyyətin köməkliyi ilə biz sığorta sektorunun inkişafını daha da sürətləndirəcəyik."

O əlavə edib ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu beynəlxalq təcrübənin öyrənilməsi, yeni yanaşmalarla tanışlıq və peşəkar fikir mübadiləsinin təşviqinə xidmət edir. Ü.Cabbarova əminliyini ifadə edib ki, forumun 2 günü ərzində aparılacaq müzakirələr, ekspertlərin bölüşəcəyi bilik və təcrübə sığorta sektorunun inkişafına yeni töhfələr verəcək.

Sonda o, forumun təşkilində əməyi olan tərəfdaşlara, spikerlərə və iştirakçılara təşəkkür edərək bildirib: "Əminəm ki, bu Forumdan əldə edəcəyimiz bilik, təcrübə və yeni baxışlar sığorta sektorunun növbəti inkişaf mərhələsinə töhfə verəcək."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın sığorta bazarı son 4 ildə təxminən 2 dəfə böyüyüb - Ülviyyə Cabbarova — Fins.az — Fins.az