
Azərbaycanda sığorta sektorunun aktivləri 2,1 milyard manata yüksəlib - Əliyar Məmmədyarov
Fins.az - Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunda aparılan islahatlar, əldə olunan nəticələr və qarşıdakı strateji hədəflər barədə məlumat verib.
Ə.Məmmədyarov bildirib ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu yerli və xarici ekspertləri, eləcə də bazarın peşəkar iştirakçılarını bir araya gətirən mühüm platformaya çevrilib. Onun sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələr təcrübə mübadiləsinin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və sığorta sektorunun dayanıqlı inkişafına töhfə verir.
AMB rəsmisi qeyd edib ki, son illərdə sığorta sektorunda mühüm nailiyyətlər əldə olunub. O bildirib ki, xidmət çeşidlərinin genişlənməsi, xidmət keyfiyyətinin yüksəlməsi, əhalinin sığorta məlumatlılığının artması və Mərkəzi Bankın həyata keçirdiyi sistemli islahatlar bu inkişafda mühüm rol oynayıb.
Ə.Məmmədyarovun sözlərinə görə, maliyyə sektorunun inkişafına dair təsdiqlənmiş 3 illik strategiyada sığorta sektorunun inkişafı və dayanıqlılığı xüsusi yer tutur. O vurğulayıb ki, hazırda həmin strateji dövrün sonuncu ili icra olunur və bu müddətdə bir sıra mühüm nəticələr əldə edilib.
O qeyd edib ki, sığorta şirkətlərində yeni idarəetmə modelinin tətbiqinə başlanılıb, komitələrin rolu gücləndirilib, müstəqil üzvlərin idarəetmədə iştirakı genişləndirilib, daxili nəzarət və risk idarəetmə mexanizmləri formalaşdırılıb. Bu dəyişikliklər sektorun beynəlxalq təcrübəyə uyğun inkişafına imkan yaradıb.
AMB sədrinin birinci müavini əlavə edib ki, sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığının artırılması istiqamətində də mühüm addımlar atılıb. Onun sözlərinə görə, icbari avtomobil sığortasında tətbiq edilən yeniliklər risk əsaslı yanaşmaların genişlənməsinə, sürücülük intizamının yüksəlməsinə və zərərlərin daha effektiv qarşılanmasına şərait yaradıb.
Ə.Məmmədyarov bildirib ki, bank və sığorta sektorları arasında əməkdaşlıq dərinləşdirilib, kredit öhdəlikləri olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni həyat sığortası mexanizmlərinin tətbiqinə başlanılıb. Eyni zamanda, rəqəmsal transformasiya tədbirləri nəticəsində elektron sığorta xidmətləri genişləndirilib və xidmətlərə çıxış daha çevik hala gətirilib.
O, yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan layihələrə də toxunaraq qeyd edib ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası (Kasko) üzrə yeni yanaşmalar tətbiq ediləcək, daşınmaz əmlakın icbari sığortası sahəsində təkmilləşdirmələr aparılacaq, aqrar sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri reallaşdırılacaq, sığorta vasitəçiliyi institutunun inkişafına yönəlmiş dəyişikliklər qəbul olunacaq və işsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu istifadəyə veriləcək.
Ə.Məmmədyarov vurğulayıb ki, son 2 il ərzində sığorta haqları 23% artaraq 1,5 mlrd. manata, sığorta ödənişləri isə 57% yüksələrək 0,9 mlrd. manata çatıb. Onun sözlərinə görə, sektorun aktivləri 18% artaraq 2,1 mlrd. manat təşkil edib. O əlavə edib ki, məcmu kapitalın həcmi kapital tələblərini iki dəfəyə yaxın üstələyir ki, bu da sektorun sağlam inkişaf trayektoriyasında olduğunu göstərir.
AMB rəsmisi bildirib ki, hazırda növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır. O qeyd edib ki, qarşıdakı mərhələdə risk əsaslı prudensial nəzarət modelinin tam formalaşdırılması, reaktiv nəzarətdən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin genişləndirilməsi, alternativ sığorta məhsullarının, o cümlədən takaful sığortasının tətbiqi, istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər olacaq.
Ə.Məmmədyarov çıxışında bildirib: "Növbəti strateji dövrdə nəzərdə tutulan bu prioritetlər risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşdırılmasına öz töhfəsini verəcəyinə inanırıq."
O, sonda vurğulayıb ki, sığorta sektorunun gələcək inkişafı üçün əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət mühüm əhəmiyyət daşıyır. Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunun sığorta bazarları arasında əməkdaşlığın dərinləşməsinə və yeni təşəbbüslərin təşviqinə töhfə verəcəyinə əminliyini ifadə edib.