Azərbaycanda birdəfəlik sığorta ödənişinin yuxarı həddi müəyyənləşdirilir

Azərbaycanda birdəfəlik sığorta ödənişinin yuxarı həddi müəyyənləşdirilir

SIĞORTA
219

Fins.az – Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində ödənilən birdəfəlik sığorta ödənişinin maksimum məbləğinin müəyyənləşdirilməsi təklif olunur.

Bu məsələ Milli Məclisin dünənki iclasında müzakirə edilən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərdə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, həmçinin könüllülər qanunvericiliklə müəyyən edilmiş qaydada icbari sığorta olunurlar.

Qanun layihəsinə əsasən, büdcə və ya müqavilə ili ərzində sığorta olunanların sayı, kateqoriyaları, peşə riski dərəcəsi və ya əməkhaqqı fondu dəyişərsə, sığorta haqqı həmin dəyişikliklərin baş verdiyi tarixdən ilin sonunadək qalan müddət nəzərə alınmaqla yenidən hesablanacaq.

Bundan başqa, büdcə ili ərzində yeni sığortalı yarandıqda və ya sığorta haqları yenidən hesablandıqda, hesablanmış məbləğlər bu halın yarandığı tarixdən 15 iş günü ərzində ödənilməlidir.

Layihəyə görə, dövlət sektorunda və qanunda nəzərdə tutulmuş digər kateqoriyalara aid sığortaolunanlar üzrə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixdə qüvvədə olan minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla hesablanacaq.

Dəyişikliklərə əsasən, sığorta vəsaitlərinin formalaşma mənbələrinə son 24 ay ərzində sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilmiş vəsaitlərdən əldə olunan gəlirlər də daxil ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda birdəfəlik sığorta ödənişinin yuxarı həddi müəyyənləşdirilir — Fins.az — Fins.az