WUF13 Azərbaycanın urbanizasiya təcrübəsini dünyaya təqdim edir - Anar Quliyev

WUF13 Azərbaycanın urbanizasiya təcrübəsini dünyaya təqdim edir - Anar Quliyev

RƏSMİ
227

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycanla yanaşı, qlobal şəhərsalma ictimaiyyəti üçün də mühüm hadisədir.

Fins.az xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında deyib.

O bildirib ki, Bakı hökumət nümayəndələrini, merləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, qadınları, özəl sektoru və yerli icmaları bir araya gətirərək daha yaxşı şəhər gələcəyinin formalaşdırılması istiqamətində qlobal platformaya çevrilir.

Anar Quliyev qeyd edib ki, Azərbaycanın WUF13-ə aparan yolu uzun illər əvvəl başlayıb və 2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumlarının keçirilməsi bu prosesdə mühüm rol oynayıb. Onun sözlərinə görə, bu platformalar dayanıqlı şəhər inkişafı üzrə geniş dialoqun qurulmasına şərait yaradıb.

Komitə sədri vurğulayıb ki, bu forumlar milli koordinasiyanın gücləndirilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və siyasətlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılmasına imkan verib. Onun sözlərinə görə, inklüziv şəhərsalma dialoqu mədəniyyəti formalaşıb.

O bildirib ki, WUF13-ün Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycana göstərdiyi etimadın göstəricisidir.

Anar Quliyev qeyd edib ki, Azərbaycan hazırda şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil təminatı, iqlim dayanıqlığı və ağıllı icmaların qurulması istiqamətində geniş transformasiya həyata keçirir.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri regionun ən böyük layihələrindən biridir və bu proses yeni şəhərsalma modelinin formalaşması kimi dəyərləndirilir.

Komitə sədri bildirib ki, WUF13 Azərbaycana öz təcrübəsini bölüşmək və digər ölkələrin təcrübəsindən faydalanmaq imkanı yaradır.

Onun sözlərinə görə, mayın 17-dək forumda iştirak üçün 182 ölkədən ümumilikdə 42 367 nəfər qeydiyyatdan keçib, ilk gün isə iştirakçı sayı 21 108 nəfər təşkil edib.

Həmçinin qeyd olunub ki, "Urban Expo" sərgisi müxtəlif ölkələrin hökumətlərini, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri və özəl sektor nümayəndələrini bir araya gətirərək şəhərsalma sahəsində nailiyyətlərin nümayişinə imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13 Azərbaycanın urbanizasiya təcrübəsini dünyaya təqdim edir - Anar Quliyev — Fins.az — Fins.az