
TRIPP və regional tranzit imkanları gündəmdə olub - ABŞ rəsmisi
Azərbaycan və ABŞ arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP), regional əlaqələrin inkişafı və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşdə ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri, eləcə də müvafiq sahələr üzrə ekspertlər iştirak ediblər.
Kaleb Orr qeyd edib ki, müzakirələr zamanı regional bağlantılar, ticarət və tranzit imkanları, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP), ticarətin asanlaşdırılması və aviasiya sahəsində əməkdaşlıq istiqamətləri ətraflı nəzərdən keçirilib.
ABŞ rəsmisi vurğulayıb ki, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin inkişafı üçün yeni imkanları da dəyərləndiriblər.
Onun sözlərinə görə, görüş zamanı ABŞ şirkətlərinin müxtəlif iqtisadi sektorlar üzrə marağını artıracaq investisiya mühitinin formalaşdırılması ilə bağlı konkret ideyalar müzakirə edilib.
Kaleb Orr əlavə edib ki, ABŞ-a Azərbaycan investisiyalarının artırılması, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələləri də gündəmdə olub.