
Dövlət büdcəsinin 25 faizi bərpa və yenidənqurma işlərinə yönəldilir - Yalçın Rəfiyev
Azərbaycan münaqişədən sonrakı yenidənqurma prosesinə təxminən 15 milyard ABŞ dolları həcmində vəsait yönəldib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, ölkə üzrə dövlət büdcəsinin təxminən 25 faizi hər il bərpa və yenidənqurma işlərinə yönəldilir. Onun sözlərinə görə, bu yanaşma genişmiqyaslı şəhər və infrastruktur bərpasının prioritet istiqamət olduğunu göstərir.
Yalçın Rəfiyev çıxışında minalarla çirklənmiş ərazilərin bərpa proseslərinə ciddi maneə yaratdığını vurğulayıb. O bildirib ki, Azərbaycanda təxminən 1,5 milyon mina təhlükəsizliyin təmin olunması üçün təmizlənməlidir və bu mərhələ tamamlanmadan genişmiqyaslı yenidənqurma işlərinin sürətləndirilməsi mümkün deyil.
Nazir müavini əlavə edib ki, ölkə “daha yaxşı bərpa” (building back better) yanaşmasını tətbiq edir və bu model beynəlxalq təcrübədə nümunə kimi təqdim olunur. Onun sözlərinə görə, yenidənqurma prosesi yalnız əvvəlki vəziyyətin bərpası ilə məhdudlaşmır, eyni zamanda daha dayanıqlı, iqlim dəyişikliklərinə uyğun və müasir şəhərsalma standartlarına cavab verən yaşayış mühitinin yaradılmasını hədəfləyir.
Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində şəhərsalma, mənzil siyasəti, böhranlardan sonrakı bərpa, maliyyələşdirmə mexanizmləri və dayanıqlı inkişaf mövzularında müzakirələr davam edir. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir və 182 ölkədən 40 mindən çox iştirakçını bir araya gətirir.