Dövlət aktivləri üzrə vahid elektron reyestr yaradılacaq

Dövlət aktivləri üzrə vahid elektron reyestr yaradılacaq

RƏSMİ
144

Dövlət satınalmalarının elektronlaşdırılması istiqamətində ciddi addımlar atılır və elektron müqavilə sistemi artıq istifadəyə verilib.

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, son aylarda bağlanan bütün dövlət satınalma müqavilələri elektron qaydada rəsmiləşdirilir.

Onun sözlərinə görə, sistem tam formalaşdıqdan sonra dövlət əmlakı, nəqliyyat vasitələri, inventar və digər dövlət aktivləri üzrə vahid reyestr yaradılacaq.

S.Babayev qeyd edib ki, eyni zamanda dövlət aktivlərinin balans dəyəri və amortizasiya göstəriciləri üzrə vahid məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Bu yanaşmanın büdcənin cari saxlanma və istismar xərclərinin daha dəqiq və avtomatlaşdırılmış şəkildə planlaşdırılmasına imkan verəcəyi bildirilib.

Nazir vurğulayıb ki, məqsəd gələcəkdə dövlət büdcəsinin təxminən 60–70 faizinin avtomatlaşdırılmış mexanizmlər əsasında formalaşdırılmasıdır.

Onun sözlərinə görə, zəruri məlumat bazaları və elektron sistemlər tam hazır olduqdan sonra bu istiqamətdə proseslər daha da sürətləndiriləcək.

S.Babayev əlavə edib ki, debitor borcların və maliyyə risklərinin qarşısının alınmasında elektron xəzinədarlıq və elektron müqavilə sistemləri mühüm rol oynayır.

Nazir bildirib ki, bu sistemlərin geniş tətbiqi təminatsız öhdəliklərin və nəzarətsiz borcların yaranması imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq.

Onun sözlərinə görə, dövlət müəssisələrinin elektron maliyyə hesabatlılığı və audit mexanizmləri dövlət maliyyəsinin idarə olunmasında daha sistemli və operativ nəzarətə şərait yaradır.

S.Babayev qeyd edib ki, icra prosesində müəyyən çətinliklər də mövcuddur, çünki bəzi layihələrin prosedur baxımından vaxtında və keyfiyyətli icrası əlavə zaman tələb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət aktivləri üzrə vahid elektron reyestr yaradılacaq — Fins.az — Fins.az