Bu ilin 11 ayında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib

Bu ilin 11 ayında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib

RƏSMİ
297

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəzinədarlıq orqanları tərəfindən bu dövrdə 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-noyabr aylarında icmal büdcənin gəlirləri 43 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 526,0 milyon manat və ya 6,1% üstələyib. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 625,6 milyon manat olub ki, bu da proqnozu 324,6 milyon manat və ya 0,9% üstələyib.

Dövlət büdcəsinin gəlirlərində xüsusi olaraq aşağıdakı nəticələr qeyd olunub:

  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 15 310,5 milyon manat təşkil edərək proqnozu 745,5 milyon manat və ya 5,1% üstələyib;
  • Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat olub ki, bu da proqnozu 10,2 milyon manat və ya 32,5% üstələyib;
  • Dövlət Neft Fondundan transfert 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100% icra olunub;
  • Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 752,2 milyon manat olub və proqnoza qarşı 96,6% icra həyata keçirilib;
  • Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətləri üzrə daxilolmalar 592,3 milyon manat, proqnoza qarşı 72,7% icra olunub;
  • Sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1% icra edilib.

Büdcənin xərclərinə gəldikdə, icmal büdcənin xərcləri 36 784,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9% çoxdur. Eyni zamanda, dövlət büdcəsinin xərcləri 31 414,7 milyon manat təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2% artım göstərib.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr aylarında həm icmal, həm də dövlət büdcəsinin gəlirləri proqnozları üstələyib, xərclərdə isə mülayim artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin 11 ayında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib — Fins.az — Fins.az