
Baş nazir Əli Əsədov Daşkənd İnvestisiya Forumunda Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığından danışıb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən V Beynəlxalq İnvestisiya Forumunda çıxış edib.
Baş nazir çıxışında Özbəkistan Prezidentinin həyata keçirdiyi islahatların ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması və genişmiqyaslı islahatlar nəticəsində ölkənin investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb.
Ə.Əsədov bildirib ki, Azərbaycan da investisiya əməkdaşlığının genişləndirilməsini strateji istiqamət kimi qəbul edir və bu məqsədlə beynəlxalq investisiya platformalarının yaradılmasına xüsusi önəm verir. O xatırladıb ki, ötən il Azərbaycanda I Beynəlxalq İnvestisiya Forumu keçirilib və bu ilin sentyabrında II forumun təşkili planlaşdırılır.
Baş nazirin sözlərinə görə, son 20 ildə Azərbaycana ümumilikdə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı xarici sərmayələrin payına düşür. O, ölkədə investor hüquqlarının qorunması, kapitalın sərbəst hərəkəti və bərabər biznes mühitinin formalaşdırılması istiqamətində müasir hüquqi bazanın yaradıldığını qeyd edib.
Ə.Əsədov Azərbaycanın əlverişli coğrafi mövqeyinin regionda mühüm rəqabət üstünlüyü yaratdığını vurğulayıb. Onun sözlərinə görə, ölkənin Avrasiyanın əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və həyata keçirilən infrastruktur layihələri Azərbaycanın regional logistika mərkəzinə çevrilməsinə şərait yaradır.
Çıxışda yaşıl enerji sahəsinə də diqqət çəkilib. Baş nazir qeyd edib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin enerji balansında payının artırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
Ə.Əsədov həmçinin regional investisiya əməkdaşlığının əhəmiyyətini vurğulayaraq Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında yaradılan birgə investisiya fondlarının iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyini bildirib.