
Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 18,2 dəfə üstələyib
Bu ilin aprelin 1-i tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları təşkil edib və bu göstərici xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyib.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, 2026-cı ilin 1 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz ödənişləri həyata keçirilib.
Qeyd edilib ki, 2026-cı ilin 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları olub və bu, 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1%-ni təşkil edib. 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları azalıb.