
Azərbaycanın dövlət zəmanətli borcunun strukturu açıqlanıb
2026-cı ilin aprelin 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun (daxili və xarici borc) məbləği 6 milyard 762,4 milyon manat təşkil edib ki, bu da 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2%-nə bərabərdir.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları və ya 76,7%-i) xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3%-i isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.
Bildirilib ki, xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması Cənub Qaz Dəhlizi QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması ilə bağlıdır.
Hesabat dövrünə dövlət zəmanətli borc portfelinin valyuta tərkibində ABŞ dollarının payı 47,0%, avronun payı 25,5%, manatın payı 19,4%, yapon yeninin payı 2,7%, digər valyutaların payı isə 5,4% təşkil edib.
Eyni zamanda portfelin 40,1%-i sabit faiz dərəcəli, 59,9%-i isə dəyişkən faiz dərəcəli öhdəliklərdən ibarət olub.