
Azərbaycan yeni urban inkişaf modeli yaradır - Aygün Əliyeva
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri Azərbaycanda müasir və dayanıqlı şəhərsalma modelinin formalaşmasına töhfə verir.
Fins.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri gələcəyin inklüziv şəhər modelini formalaşdırır.
Aygün Əliyeva xüsusilə Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” modelinin müasir texnologiyalar, ekoloji yanaşma və rahat yaşayış prinsipləri ilə yanaşı, təhlükəsiz və əlçatan mühit yaratdığını vurğulayıb.
O qeyd edib ki, bu layihələr Azərbaycanın azad edilmiş ərazilərdə təkcə yenidənqurma deyil, həm də yeni urban inkişaf modelinin formalaşdırıldığını nümayiş etdirir.
Çıxışda bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu da mühüm əhəmiyyət daşıyır və tədbirin təşkilatçılarına xüsusi təşəkkür ifadə olunub.
Qeyd olunub ki, WUF13 çərçivəsində mayın 16-da Türk dövlətlərinə üzv ölkələrin İkinci Həmrəylik Forumu, mayın 19-da isə tarixdə ilk dəfə WUF QHT Forumu keçiriləcək və 100-dən artıq ölkədən qeyri-hökumət təşkilatları iştirak edəcək.
Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumu (WUF13)na ev sahibliyi etdiyi də bildirilib və bunun ölkənin dayanıqlı şəhər inkişafı və inklüzivlik sahəsində qlobal dialoqa verdiyi töhfənin göstəricisi olduğu qeyd edilib.