Azərbaycan Orta Dəhlizdə mühüm enerji mərkəzidir - Kaleb Orr

Azərbaycan Orta Dəhlizdə mühüm enerji mərkəzidir - Kaleb Orr

RƏSMİ
47

ABŞ Azərbaycanın enerji infrastrukturunda daha fəal rol oynamaq istəyir.

ABŞ Azərbaycan tərəfindən inşa edilən boru kəməri və digər enerji infrastruktur layihələrinin inkişafında daha əhəmiyyətli rol oynamağa çalışır.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, iqtisadi dialoqun əsas məqsədi tərəflərin iqtisadi təkliflərini bir araya gətirmək, onların icrası üçün plan hazırlamaq və real nəticələr əldə etməkdir.

Kaleb Orr vurğulayıb ki, iqtisadi əməkdaşlıq sülh və rifahın təmin olunmasında mühüm rol oynayır və tərəflər arasında ortaq maraqlara əsaslanır.

ABŞ rəsmisi qeyd edib ki, hazırda Azərbaycan və ABŞ bir sıra təşəbbüslər üzərində işləyir və enerji sektoru bu əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.

Onun sözlərinə görə, ABŞ şirkətlərinin Azərbaycandakı enerji layihələrində iştirakı artıq konkret investisiyalarla müşayiət olunur və bu fəaliyyətin genişləndirilməsi planlaşdırılır.

Kaleb Orr bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində ExxonMobil ilə görüşlər keçirilib və şirkət ötən il Azərbaycanda yeni kəşfiyyat işlərinə dair anlaşma memorandumu imzalayıb.

Eyni zamanda, Chevron də Azərbaycanda kəşfiyyat üzrə yeni müqavilə imzalayıb və bu layihələrin inkişafı ABŞ tərəfindən dəstəklənir.

Kaleb Orr əlavə edib ki, ABŞ Azərbaycanın inşa etdiyi boru kəmərləri və enerji infrastrukturu layihələrinin inkişafında daha aktiv iştirak etmək niyyətindədir.

Onun sözlərinə görə, Tramp Marşrutu (TRIPP) Azərbaycanın Avropaya və digər regionlara enerji tranziti üzrə Orta Dəhlizdə rolunu gücləndirə bilər.

ABŞ rəsmisi qeyd edib ki, Azərbaycan hazırda qlobal enerji bazarında mühüm istehsalçı ölkədir və bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli iqtisadi faydalar yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Orta Dəhlizdə mühüm enerji mərkəzidir - Kaleb Orr — Fins.az — Fins.az