
3 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitindədir - Anaklaudiya Rossbax
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mətbuat konfransında qlobal mənzil böhranının beynəlxalq ictimaiyyət tərəfindən daha çevik, əlaqələndirilmiş və inklüziv tədbirlərin görülməsini tələb etdiyini bildirib.
Fins.az xəbər verir ki, onun sözlərinə görə, hazırda dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi məskənlərdə və gecəqondularda məskunlaşıb, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşib.
Rossbax qeyd edib ki, bu göstəricilər ayrı-ayrı problemlər deyil, şəhərlərin maliyyələşdirilməsi, planlaşdırılması və idarə olunmasında mövcud struktur çatışmazlıqları əks etdirən sistemli qlobal böhrandır.
Onun sözlərinə görə, bu, təkcə mənzil böhranı deyil, həm də inklüzivlik, imkanlar, dayanıqlılıq və insan ləyaqəti böhranıdır. O vurğulayıb ki, mənzil mühüm başlanğıc nöqtəsidir, lakin həllər şəhərlərin necə planlaşdırılması, idarə olunması və investisiya cəlb etməsindən asılıdır.
UN-Habitat icraçı direktoru əlavə edib ki, hər bir ölkənin sosial, iqtisadi, mədəni və institusional fərqləri nəzərə alınmalı və həllər yerli şəraitə uyğunlaşdırılmalıdır.
O qeyd edib ki, WUF13 UN-Habitat tərəfindən indiyədək təşkil olunan ən böyük forumdur və tədbirdə 182 ölkədən 40 mindən çox iştirakçı — dövlət rəsmiləri, merlər, BMT nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edir.
Rossbax bildirib ki, qlobal konsensus artsa da, siyasi öhdəliklərlə onların icrası arasında hələ də ciddi fərq qalır.
O əlavə edib ki, WUF13 praktiki fəaliyyət platforması kimi çıxış edir və şəhərlərdə transformativ dəyişiklikləri təşviq edən qlobal əməkdaşlığı bir araya gətirir. Forum çərçivəsində 6 yüksək səviyyəli dialoq, 370-dən çox tədbir və 130-dan artıq ekspozisiyanı əhatə edən Qlobal Şəhər Sərgisi keçirilir.
Həmçinin “Practices Hub”, “WUF Academy” və “Startup Pavilion”u əhatə edən “Business and Innovation Hub” kimi yeni təşəbbüslər təqdim olunur.