“PAŞA Bank” IPO üzrə abunə yazılışına start verdi – səhmlər artıq satışda

“PAŞA Bank” IPO üzrə abunə yazılışına start verdi – səhmlər artıq satışda

BANK
674

“PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində abunə yazılışına start verib və səhmlər artıq investorlar üçün açıq elan olunub.

Fins.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bankın səhmlərinin satışının başlanmasına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Bildirilib ki, abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərini əhatə edəcək. Bu müddət ərzində bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd adi adlı səhm investorlara təqdim olunur. Səhmlərin ilkin yerləşdirmə qiyməti 55 manat olaraq müəyyən edilib, minimal alış tələbi tətbiq olunur, lakin maksimum limit nəzərdə tutulmayıb.

Qeyd olunub ki, abunə dövründə əvvəlcədən ödənilmiş vəsaitlərə illik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

Murad Süleymanov əlavə edib ki, investorlar IPO-da “PAŞA Bank”, “Birbank Invest”, eləcə də əsas anderrayter “PAŞA Kapital”, “ABB Invest”, “Unicapital” və “Leobank” platformaları və mobil tətbiqləri vasitəsilə iştirak edə bilərlər. Fiziki müraciət etmək istəyənlər üçün isə proses “PAŞA Bank”, “Kapital Bank” və “Unibank” filiallarında, həmçinin “PAŞA Kapital” ofisində təşkil olunub.

Bank rəsmisi vurğulayıb ki, bu addım strateji baxımdan mühüm qərardır və uzun illər ərzində formalaşdırılmış dəyərin daha geniş investor auditoriyası ilə paylaşılmasına xidmət edir. Onun sözlərinə görə, IPO həm də ölkədə kapital bazarlarının inkişafına real töhfə verəcək və daha çox insanın investisiya imkanlarına çıxışını təmin edəcək.

Xatırladaq ki, daha əvvəl bank rəhbərliyi IPO çərçivəsində 2026-cı ildə kapitalın 5%-nin, yəni 932 926 ədəd səhmin bazara çıxarılacağını açıqlamışdı. Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bu prosesi “Paylaşaraq böyüyək – birlikdə” yanaşmasının davamı kimi qiymətləndirərək, yaradılmış dəyərin geniş investor kütləsi ilə bölüşdürülməsinin əsas məqsəd olduğunu bildirmişdi.

Maliyyə göstəricilərinə gəlincə, “PAŞA Bank”ın son illərdə sabit dividend siyasəti ilə seçildiyi qeyd olunur. Bank əvvəlki illərdə xalis mənfəətin 30-40%-i, bəzi hallarda isə 50-70%-i həcmində dividend ödənişləri həyata keçirib. 2025-ci ildə isə 2024-cü ilin nəticələri üzrə 129 milyon manat, yəni xalis mənfəətin təxminən 60%-i həcmində dividend ödənilib. Bank 2024-cü ili 218 milyon manat xalis mənfəətlə başa vurub, 2025-ci ilin yekunlarına görə isə bu göstərici 148 milyon 896 min manat təşkil edib.

Qeyd edilir ki, IPO prosesi bankın şəffaflığını və maliyyə dayanıqlığını daha da gücləndirməklə yanaşı, Azərbaycan kapital bazarının inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Bank” IPO üzrə abunə yazılışına start verdi – səhmlər artıq satışda — Fins.az — Fins.az