Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

PR
243

Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.

Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə ali təhsilini tamamlamışdır.

Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.

2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra Bankın Rəqəmsal Transformasiya Mərkəzində mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.

İşgüzarlığı, təşəbbüskarlığı və yüksək peşəkarlığı ilə seçilən Rauf Əliyev kollektivdə böyük hörmət qazanmışdır. 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

Göstərdiyi şücaət və xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncamlarla “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın kollektivi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etmiş, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışdır.

Azər Türk Bank Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimizin əziz xatirəsini qürurla yad edir, onların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...