Sevda Quliyeva: “Fəaliyyətim yalnız şirkətlərin uğuruna deyil, eyni zamanda dövlətin ümumi inkişafına və dayanıqlı gələcəyinə xidmət edir”

Sevda Quliyeva: “Fəaliyyətim yalnız şirkətlərin uğuruna deyil, eyni zamanda dövlətin ümumi inkişafına və dayanıqlı gələcəyinə xidmət edir”  

MÜSAHİBƏ
1,248

Müasir əmək bazarında insan resurslarının idarə olunması artıq yalnız vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi ilə məhdudlaşmır. Bu sahə getdikcə daha strateji xarakter alır və təşkilatların uzunmüddətli uğurunda həlledici rol oynayır. Xüsusilə rəhbər və yüksək məsuliyyət tələb edən vəzifələr üçün düzgün kadr seçimi şirkətlərin inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib.

Bugünkü reallıq göstərir ki, ən güclü və potensiallı kadrlar hər zaman aktiv iş axtarışında olmur. Bu isə ənənəvi işə qəbul metodlarının effektivliyini azaldır və daha peşəkar, sistemli yanaşmalara ehtiyac yaradır. Məhz bu nöqtədə headhunting, talent mapping və strateji HR konsultasiya xidmətləri ön plana çıxır.

Fins.az HR Advisor və Executive Headhunter / Coach, “Talent Staff & Business Solutions” MMC-nin rəhbəri Sevda Quliyevadan müsahibə alıb, müsahibədə insan resursları sektorunun müasir çağırışları, bazarda tələb və təklifin dəyişən dinamikası, strateji vəzifələr üçün kadr seçiminin incəlikləri və bu işin arxasında dayanan dəyərlər haqqında ətraflı danışıb.

 Müsahibəni təqdim edirik:

 -HR sahəsindəki peşəkar fəaliyyətiniz və hazırda göstərdiyiniz xidmətlər barədə məlumat verərdinizmi? Eyni zamanda, bu sahənin biznes üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Şirkətlər üçün doğru, strateji, istedadlı namizədin seçilməsi və namizədlər üçün düzgün karyera istiqamətinin formalaşdırılması üzrə peşəkar HR və headhunting xidmətləri təqdim edirəm. Ümumilikdə, bir müəssisə və ya şirkət üçün A-dan Z-yə qədər bütün komandanın formalaşdırılması, effektiv və dayanıqlı insan resursları sisteminin qurulması və idarə olunması istiqamətində komandamızın təcrübəsi və potensialı kifayət qədər genişdir. Bununla yanaşı, sahibkarın ehtiyac və gözləntilərindən asılı olaraq, əlavə biznes xidmətləri və strateji konsultasiya dəstəyi də təqdim edə bilirik. Məqsədimiz yalnız komanda qurmaq deyil, eyni zamanda biznesin uzunmüddətli və uğurlu inkişafına töhfə verməkdir. Mənim əsas yanaşmam yalnız vakansiyanın doldurulması deyil, həm təşkilat, həm də namizəd üçün uzunmüddətli dəyər yaradan “uyğunluğun” dəqiq şəkildə qurulmasıdır.

Mən sadəcə CV seçmirəm- şirkətə uyğun insanı, namizədə isə onun potensialına və inkişaf istiqamətinə uyğun karyera yolunu müəyyən edirəm. Hər bir prosesdə məqsədim düzgün insanı düzgün mövqedə yerləşdirərək həm təşkilatın inkişafına, həm də fərdin peşəkar yüksəlişinə real töhfə verməkdir.

Xidmətlərimə aşağıdakılar daxildir:
• Recruitment və işə qəbul proseslərinin idarə olunması
• Executive search və yüksək səviyyəli headhunting xidmətləri
• HR konsultasiya və strateji insan resursları həlləri
• Talent mapping və əmək bazarının analizi
• CV optimallaşdırılması, Linkedin profili və müsahibə hazırlığı

Müsahibə proseslərim eyni zamanda coaching yanaşmasını da özündə birləşdirir. Mən namizədlərlə aparılan müsahibələrdə onların yalnız bilik və təcrübəsini deyil, həm də davranış modelini, motivasiyasını, düşüncə tərzini və karyera uyğunluğunu hərtərəfli şəkildə analiz edirəm.

Bu prosesdə sistemli və dərin analiz yanaşması tətbiq olunur -namizədin güclü tərəfləri, inkişaf potensialı, risk faktorları və təşkilat mədəniyyətinə uyğunluğu kompleks şəkildə qiymətləndirilir. Eyni zamanda, namizədlərə özlərini daha effektiv təqdim etmələri və karyera hədəflərini daha düzgün formalaşdırmaları üçün istiqamətləndirici coaching dəstəyi verilir. Mənim iş prinsipim ondan ibarətdir ki, hər CV-nin arxasında təkcə təcrübə deyil, həm də böyük potensial və doğru yönləndirildikdə real dəyərə çevrilə biləcək imkanlar dayanır. Bu səbəbdən hər vakansiyaya fərdi strategiya ilə yanaşır, ən uyğun uyğunluğu tapmağa fokuslanıram. Mən şirkətlər üçün yüksək səviyyəli idarəetmə heyətinin formalaşdırılması üzrə ixtisaslaşmışam və top menecerlər, direktorlar, həmçinin direktor müavinləri kimi strateji vəzifələr üçün uyğun namizədlər təqdim edə bilirəm. Nəticə etibarilə, mənim üçün işə qəbul prosesi sadəcə seçim deyil -bu, təşkilatın gələcəyinə təsir edən strateji qərar, insan kapitalının düzgün formalaşdırılması və davamlı inkişafın təmin edilməsidir.  

-Headhunting prosesinin təşkilatların uzunmüddətli dayanıqlı inkişafı, insan kapitalının strateji idarə olunması və yüksək səviyyəli qərarvermə mexanizmlərinin effektivliyinə təsirini necə qiymətləndirirsiniz?

-Headhunting fəaliyyəti əmək bazarında strateji əhəmiyyət daşıyan, yüksək potensiala və ixtisaslaşmış bacarıqlara malik peşəkarların müəyyən edilərək üzə çıxarılmasını və onların düzgün istiqamətdə yerləşdirilməsini təmin edən mühüm bir HR funksiyasıdır.

Bu yanaşma yalnız vakansiyanın doldurulmasına deyil, təşkilatın uzunmüddətli inkişafına və dayanıqlı insan kapitalının formalaşdırılmasına xidmət edir. Peşəkar headhunting prosesi vasitəsilə şirkətin ehtiyaclarına ən uyğun, həm texniki bilik, həm də liderlik və idarəetmə potensialı baxımından güclü namizədlər müəyyən edilir.

Eyni zamanda, bu proses biznesin davamlılığının və rəqabət qabiliyyətinin qorunmasında strateji rol oynayır. Doğru insanın doğru mövqedə yerləşdirilməsi şirkət daxilində risklərin azalmasına, qərarvermə keyfiyyətinin yüksəlməsinə və ümumi biznes performansının güclənməsinə birbaşa təsir göstərir. Bu baxımdan headhunting yalnız kadr seçimi deyil, eyni zamanda biznesin gələcəyini qoruyan və inkişafını dəstəkləyən strateji bir alətdir.

Mənim yanaşmamda headhunting prosesi bazarın dərindən analizi, istedadlı şəxslərin erkən mərhələdə müəyyən edilməsi və onların həm təşkilat mədəniyyətinə, həm də strateji məqsədlərə uyğunluğunun dəqiq qiymətləndirilməsi üzərində qurulub. Bu isə şirkətlərə yalnız bu gün üçün deyil, gələcək üçün də güclü komanda formalaşdırmaq imkanı yaradır.

-Müasir əmək bazarı və strateji insan resurslarının idarə olunması kontekstində headhunting xidmətlərinin əhəmiyyətini, xüsusilə yüksək səviyyəli və konfidensial vəzifələr üzrə düzgün kadr seçiminə təsirini necə qiymətləndirirsiniz?

-Bir çox dövlət və özəl qurumlar strateji vəzifələr üçün açıq vakansiya elan etməkdə maraqlı olmurlar. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, bəzi vəzifələr konfidensial xarakter daşıyır və bu prosesin açıq şəkildə aparılması təşkilat daxilində və ya bazarda müxtəlif spekulyasiyalara səbəb ola bilər. Digər tərəfdən isə, yüksək səviyyəli rəhbər və strateji rollar üçün ən uyğun namizədi tapmaq hər zaman açıq müraciətlə mümkün olmur. Çünki ən güclü kadrlar çox vaxt aktiv iş axtarışında olmurlar. Onlar artıq müəyyən bir vəzifədə çalışır və bazarda görünmürlər. Bu cür namizədləri yalnız peşəkar headhunting və dərin bazar araşdırması vasitəsilə tapmaq mümkündür. Məhz bu mərhələdə bizim kimi peşəkar headhunting şirkətləri prosesə daxil olur. Biz yalnız açıq elanlara baxmırıq, həm də bazarı sistemli şəkildə analiz edirik, müxtəlif sahələr üzrə potensiallı kadr xəritəsi (talent mapping) aparırıq və həm aktiv, həm də passiv namizədləri müəyyənləşdiririk.

Daha sonra bu namizədlərlə fərdi şəkildə əlaqə qurulur, onların karyera motivasiyası, peşəkar hədəfləri və uyğunluğu dərindən qiymətləndirilir. Bu yanaşma sayəsində yalnız CV uyğunluğu deyil, real uyğunluq- yəni təşkilat mədəniyyəti, liderlik tərzi və uzunmüddətli dəyər uyğunluğu müəyyən edilir.

Bu prosesdə əsas prinsip heç vaxt qohumluq, tanışlıq və ya subyektiv seçimlər olmur. Bizim üçün hər bir qərar obyektiv meyarlar əsasında verilir. Namizədin bilik və bacarıqları, əvvəlki iş təcrübəsi, idarəetmə qabiliyyəti, qərarvermə sürəti və etik dəyərləri əsas qiymətləndirmə meyarlarıdır.

Çünki strateji vəzifələrdə edilən yanlış seçim təkcə bir işçinin dəyişdirilməsi demək deyil -bu, təşkilatın ümumi performansına, komanda balansına və hətta uzunmüddətli biznes nəticələrinə ciddi təsir göstərə bilər.

Bizim əsas məqsədimiz yalnız “boş vəzifəni doldurmaq” deyil. Biz həmin vəzifəyə real dəyər qatacaq, təşkilatın inkişafına töhfə verəcək və uzunmüddətli perspektivdə uğur gətirəcək doğru insanı tapmağa çalışırıq.

Bu yanaşma həm şirkətlər üçün riskləri azaldır, həm də kadr seçimi prosesini daha peşəkar, sistemli və nəticəyönümlü edir.

- Şirkətinizin fəaliyyət istiqamətlərini nəzərə alaraq, hazırda hansı sənaye və sektorlarla əməkdaşlıq edirsiniz və əsas müştəri portfeliniz hansı strateji qurumlar və təşkilatlar üzərində formalaşıb? 

-Şirkətimiz hazırda strateji insan resurslarının idarə olunması və yüksək səviyyəli rəhbər vəzifələr üzrə təyinatlar sahəsində aktiv fəaliyyət göstərir. Bu çərçivədə bir sıra mühüm və nüfuzlu əməkdaşlıqlarımız mövcuddur. Məsələn, “PASHA Capital” kimi aparıcı qurumlarda rəhbər vəzifələr üzrə namizədlərin seçilməsi və yerləşdirilməsi prosesində iştirak edirik. Eyni zamanda SOCAR-ın tabeliyində fəaliyyət göstərən “Caspian Innovation Center” kimi strateji əhəmiyyətli qurumlarda vacib vakansiyalar üzrə uyğun namizədlərin müəyyən edilməsi və təyinatı istiqamətində əməkdaşlığımız davam edir.

 -Uzunmüddətli strateji planlarınız və inkişaf perspektivləriniz çərçivəsində əsas prioritetlər hansı istiqamətlər üzərində formalaşır?

-Müxtəlif dövlət və özəl sektor qurumları ilə strateji tərəfdaşlıq əlaqələrimizi davamlı şəkildə genişləndiririk və bu əməkdaşlıqların coğrafiyasını daha da artırmağı hədəfləyirik. Əsas məqsədimiz yalnız vakansiyaların doldurulması deyil, eyni zamanda ölkənin insan kapitalının inkişafına real töhfə vermək, doğru insanların doğru mövqelərdə yerləşdirilməsini təmin etməkdir. Fəaliyyətimizin əsas prinsipi sistemli, planlı və uzunmüddətli yanaşmadır. Biz hər bir namizədə yalnız mövcud iş imkanları prizmasından deyil, həm də onun gələcək inkişaf potensialı baxımından yanaşırıq. Bu səbəbdən fərdi inkişaf planlarının izlənilməsi və dəstəklənməsi bizim fəaliyyətimizdə xüsusi yer tutur.

Eyni zamanda, ölkəmizdə sahibkarlıq mühitinin güclənməsi, dövlət idarəetmə sisteminin daha effektiv və şəffaf fəaliyyət göstərməsi və ümumilikdə insan resursları bazarının inkişafı istiqamətində aktiv rol oynamağı əsas hədəflərimizdən biri kimi müəyyən etmişik. Bu yanaşma həm ölkənin strateji inkişafına xidmət edir, həm də əmək bazarında keyfiyyətli insan kapitalının formalaşmasına şərait yaradır.

Gələcək hədəfimiz daha geniş miqyasda dövlət təyinatlı layihələrdə birbaşa iştirak etmək, yüksək səviyyəli idarəetmə və strateji qərarvermə proseslərinə töhfə verməkdir. Biz inanırıq ki, düzgün seçimlər və peşəkar yanaşma ilə həm təşkilatların, həm də namizədlərin inkişafına real və davamlı dəyər qazandırmaq mümkündür.

Mənim şəxsi məqsədim isə dövlətçiliyə xidmət etmək, ölkəmizin idarəetmə sisteminin güclənməsinə və insan resurslarının daha səmərəli şəkildə formalaşmasına töhfə verməkdir. Bu sahə mənim üçün yalnız peşə deyil, eyni zamanda uzunmüddətli məsuliyyət və missiyadır.

Gələcəkdə dövlət təyinatlı proseslərdə daha birbaşa və aktiv şəkildə iştirak edərək strateji və yüksək vəzifələr üzrə doğru namizədlərin seçilməsi və yerləşdirilməsi prosesinə real töhfə verməyi hədəfləyirəm. Mənim əsas məqsədim yalnız vakansiyaların doldurulması deyil, ölkənin inkişafına dəyər qatacaq peşəkar və potensiallı insanların düzgün mövqelərdə yer almasına dəstək olmaqdır.

Eyni zamanda, bu fəaliyyətlər vasitəsilə ölkə Başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun şəkildə insan kapitalının gücləndirilməsinə xidmət etmək, dövlət institutlarının daha dayanıqlı və effektiv fəaliyyətinə töhfə vermək əsas prioritetlərimdəndir.

Ümumilikdə hədəfim ölkəmi, xalqımı və dövlət institutlarını daha güclü gələcəyə aparacaq insan resurslarının formalaşmasında aktiv rol oynamaq və bu prosesdə peşəkar şəkildə iştirak etməkdir.

-Şirkətinizin fəaliyyət fəlsəfəsini və kadr seçimində əsaslandırdığı ümumi strateji yanaşmanı necə xarakterizə edərdiniz?

-Bizim əsas yanaşmamız insan kapitalının strateji idarə olunmasına əsaslanan, sistemli və uzunmüddətli dəyər yaratmaq prinsipidir. HR xidmətlərini yalnız vakansiyanın doldurulması kimi deyil, təşkilatların davamlı inkişafını və insan resurslarının düzgün formalaşmasını təmin edən strateji bir proses kimi qiymətləndiririk.

Fəaliyyətimizdə əsas prioritetlər konfidensiallıq, etibarlılıq və nəticəyönümlülükdür. Biz hər bir namizədə yalnız bir CV olaraq deyil, təşkilatlara real dəyər qatacaq potensial bir peşəkar və gələcək lider kimi yanaşırıq. Seçim prosesində isə yalnız texniki bacarıqlar deyil, eyni zamanda davranış modeli, liderlik potensialı, qərarvermə qabiliyyəti, korporativ dəyərlərə uyğunluq və komanda ilə sinerji yaratmaq bacarığı kompleks şəkildə qiymətləndirilir.

Bizim əsas məqsədimiz qısa müddətli işə yerləşdirmə deyil, uzunmüddətli uyğunluq və dayanıqlı əməkdaşlıqdır. Çünki düzgün olmayan seçimlər yalnız bir vakansiyanı deyil, bütövlükdə təşkilati effektivliyi və biznes nəticələrini risk altına sala bilər. Buna görə də biz həm işəgötürənlər, həm də namizədlər üçün davamlı dəyər yaradan, strateji və etibarlı əməkdaşlıq modeli qurmağa fokuslanırıq.

 -Müasir əmək bazarının dinamikasını nəzərə alaraq, tələb-təklif balansında hansı dəyişiklikləri müşahidə edirsiniz və hansı funksional sahələrdə yüksək ixtisaslı kadr çatışmazlığı daha qabarıq şəkildə özünü göstərir?

-Son illərdə ən böyük çətinlik yüksək səviyyəli və çoxşaxəli bacarıq tələb edən vəzifələr üçün uyğun namizədlərin tapılmasıdır. Xüsusilə rəhbər və idarəetmə pozisiyalarında yalnız texniki bilik və yüksək təhsil deyil, eyni zamanda güclü şəxsi keyfiyyətlərə malik olan peşəkarların müəyyən olunması daha çox diqqət tələb edir.

Bizim üçün əsas məqam belə namizədlərin düzgün analiz edilməsi və təşkilata uyğun şəkildə seçilməsidir. Çünki hesab edirik ki, ölkəmiz və cəmiyyətimiz üçün təvazökar, dəyərlərə sadiq və yüksək şəxsi keyfiyyətlərə sahib mütəxəssislər daha uzunmüddətli və dayanıqlı dəyər yaradır.

Xüsusilə aşağıdakı sahələrdə uyğun kadr tapmaq çətindir: 

IT və maliyyə biliklərinin birlikdə tələb olunduğu rəhbər vəzifələr

Bank və maliyyə sektorunda top menecment rolları

Satınalma və təchizat zənciri üzrə strateji vəzifələr

Böyük korporasiyalarda direktor müavinliyi və çoxdepartamentli idarəetmə rolları

Bu vəzifələr yalnız texniki biliklə deyil, eyni zamanda strateji düşüncə, liderlik və böhran idarəetmə bacarığı ilə ölçülür.

-İnsan resurslarının idarə olunmasında fəaliyyətinizi yalnız operativ xidmət deyil, həm də strateji insan kapitalı formalaşdırma prosesi kimi nəzərə alaraq, bu sahənin sizin üçün əsas mahiyyəti və yaradılan dəyəri necə ifadə olunur?

-Mənim üçün insan resursları sahəsi sadəcə bir peşə və ya biznes fəaliyyəti deyil, daha çox bir missiya və məsuliyyətdir. Bu sahəyə yanaşmamın əsasını “insan” faktoru təşkil edir -yəni hər bir namizəd təkcə bir CV deyil, öz potensialı, həyatı, məqsədləri və inkişaf yolu olan bir fərddir.

Mən bu işdə ən böyük dəyəri insanların potensialını düzgün şəkildə üzə çıxarmaqda görürəm. Çox vaxt elə güclü və bacarıqlı insanlar olur ki, ya özlərini doğru ifadə edə bilmirlər, ya da düzgün mühitə düşmədikləri üçün potensiallarını tam göstərə bilmirlər. Mənim rolum məhz bu nöqtədə başlayır -həmin insanları görmək, anlamaq və onların bacarıqlarını doğru istiqamətə yönləndirmək. Bu proses mənim üçün təkcə bir iş deyil, eyni zamanda bir insanın həyat yoluna təsir etmək deməkdir. Çünki düzgün seçilmiş bir vəzifə, düzgün yerləşdirilmiş bir kadr həmin insanın karyerasında yeni bir mərhələ açır, onun motivasiyasını artırır və özünə inamını gücləndirir. Hər uğurlu yerləşdirmə mənim üçün sadəcə bir nəticə və ya hesabat göstəricisi deyil. Bu, bir insanın həyatında real dəyişiklik, onun peşəkar inkişafında yeni bir başlanğıcdır. Bəzən bir insanın doğru yerdə olması onun bütün gələcək karyerasını dəyişə bilər -mən bunu çox aydın şəkildə görürəm və bu mənə böyük motivasiya verir. Eyni zamanda bu fəaliyyətin daha geniş bir təsiri var. Düzgün insanın düzgün yerdə olması təkcə fərdi uğur deyil, həm də təşkilatın və ümumilikdə sistemin daha sağlam işləməsinə xidmət edir. Peşəkar və vicdanlı kadrlar yerləşdirildikdə şirkətlər daha effektiv işləyir, dövlət qurumları daha güclü idarə olunur və nəticədə bu, cəmiyyətə də müsbət təsir göstərir. Mən inanıram ki, insan resursları düzgün idarə olunarsa, bu, bir ölkənin inkişafına birbaşa təsir edən əsas faktorlardan birinə çevrilə bilər. Ona görə də gördüyüm işə yalnız xidmət kimi deyil, həm də sosial və strateji bir töhfə kimi yanaşıram.

Bu baxımdan mənim üçün ən böyük dəyər- insanların həyatına müsbət təsir etmək, onların potensialını üzə çıxarmaq və eyni zamanda ölkənin inkişafına kiçik də olsa töhfə verməkdir.

Mən yalnız kadr təyinatı ilə məhdudlaşmıram, həmçinin biznesin müxtəlif sahələrində müştərilərimə əlavə biznes həlləri və konsultasiya xidmətləri təklif edirəm. Müştərilərimin tələblərinə uyğun olaraq, mən onların şirkətlərinin strukturunu optimallaşdırır, bazar şəraitinə uyğun strategiyalar qurur və onlara rəqabət üstünlüyü təmin etmək üçün fərdi yanaşmalar təqdim edirəm. Həmin xidmətlərə, biznesin inkişafı, maliyyə və marketinq strategiyaları, satışın artırılması və resursların effektiv istifadəsi kimi sahələr daxildir. İstər yeni qurulan, istərsə də mövcud şirkətlərə göstərdiyim dəstək, onların fəaliyyətini daha da təkmilləşdirərək, uzunmüddətli və dayanıqlı uğurlara yönəlir. Hər bir müştəriyə spesifik yanaşma ilə, onların öz tələblərinə və məqsədlərinə uyğun həllər hazırlayıram. Bundan əlavə, biznes sahəsində təcrübəmə əsaslanaraq, rəhbərliyə və komanda işinə dair təlim və inkişaf proqramları da təqdim edirəm. Bu proqramlar şirkətlərin daxili əməliyyatlarını daha səmərəli etməyə, komanda arasında əlaqələri gücləndirməyə və rəhbərlik bacarıqlarını inkişaf etdirməyə kömək edir.

 Hədəfim, müştərilərimə yalnız strateji həllər təqdim etmək deyil, həm də onların qarşılaşdıqları çətinlikləri dəf etmək, riskləri idarə etmək və bazarda lider mövqe tutmalarına dəstək olmaqdır.

  -Uzunmüddətli perspektivdə fəaliyyətinizi hansı strateji istiqamətlər üzrə formalaşdırmağı və inkişaf etdirməyi planlaşdırırsınız?

-Mən gələcəkdə bu sahəni daha geniş miqyasda inkişaf etdirmək istəyirəm. Məqsədim yalnız kadr seçimi ilə kifayətlənən bir şirkət deyil, eyni zamanda karyera inkişafı, liderlik hazırlığı və strateji HR konsultasiya xidmətlərini əhatə edən bir ekosistem yaratmaqdır. Gələcək vizyonum “talent bank” modelidir -yəni ölkədəki ən güclü və potensiallı kadrların bir platformada toplanması və dövlət və özəl sektorun ehtiyacına uyğun şəkildə təqdim olunmasıdır. Bu sistem həm konfidensial, həm də beynəlxalq standartlara uyğun şəkildə işləyəcək.

Şəxsi olaraq isə mənim üçün bu yol bir məqsəd deyil, bir missiyadır. Mən istəyirəm ki, gördüyüm iş təkcə şirkətlərə yox, bütövlükdə ölkənin inkişafına xidmət etsin. İnanıram ki, düzgün insan düzgün yerdə olduqda həm iqtisadiyyat, həm idarəetmə, həm də cəmiyyət daha güclü olur.

-Şirkətlər işçilərdən əsas olaraq nə gözləyir? Namizəd vakansiyaya uyğun hesab olunması üçün hansı bacarıqlara sahib olmalıdır?

-Mən bu məsələyə iki istiqamətdən baxıram: hazır kadrlar və yeni başlayanlar. Amma hazır kadrdan danışsaq, mənim üçün əsas faktor ilk növbədə şəxsi keyfiyyətlərdir. İnsanın davranışı, ünsiyyət bacarığı, dəyərləri və həyat məqsədi çox önəmlidir. Mən həmişə baxıram ki, bu insan nə üçün işləyir, bu sahədə niyə davam edir və gələcəyini necə görür. Çünki bu gün bacarıqlı insanlar çoxdur, amma düzgün xarakterə sahib olanlar daha azdır. Mənim üçün əsas dəyərlər bunlardır: dürüstlük, ədalətlilik, loyallıq, şəffaflıq və məsuliyyət. Əgər bu dəyərlər varsa, əməkdaşlıq uzunmüddətli və sağlam olur. Yoxdursa, ən yüksək bacarıq belə şirkət üçün risk yarada bilər.

- Namizədlərin komanda daxilində effektiv inteqrasiyası və liderlik potensialının qiymətləndirilməsi zamanı hansı davranış, dəyər və peşəkar kompetensiyalara əsaslanırsınız?

 -Komandada işləmək bacarığı çox vacibdir. Mən diqqət edirəm ki, insan təkəbbürlü olmasın, əksinə müdrik və açıq fikirli olsun. Namizədlər üçün yalnız təşkilata uyğunluq deyil, ən əsası onların yüksək şəxsi keyfiyyətləri və dəyərləri vacibdir. Əməkdaş komandanı incitməməli, toksik mühit yaratmamalı, məsuliyyətli olmalı, liderlik bacarığı göstərməlidir.  Yaxşı işçi yalnız öz işini görən deyil, həm də komandanı inkişaf etdirən insandır. O, insanları motivasiya etməyi, düzgün yönləndirməyi və iş bölgüsünü bilməlidir.

-Təşəbbüskarlıq və innovativ düşüncə təşkilati inkişaf və komanda effektivliyi kontekstində nə dərəcədə strateji əhəmiyyət daşıyır və namizədlərin bu kompetensiyalarını hansı meyarlarla qiymətləndirirsiniz?

-Çox önəmlidir. Mən istəmirəm ki, əməkdaş sadəcə tapşırıq gözləsin. O, özü ideya gətirməli, təklif verməli və prosesə dəyər qatmalıdır. Xüsusilə PR, marketinq və strateji sahələrdə çalışan insanlar yeni ideyalar verməli

layihə təklif etməli, problemlərə həll yolları tapmalıdır. Rəhbərin əsas işi strategiya və biznes əlaqələrdir. Detalları isə komanda idarə etməlidir. Əgər əməkdaş təşəbbüskar deyilsə, şirkət inkişaf etmir.

-Müsahibə və seçim prosesində namizədlərin yalnız peşəkar bacarıqlarını deyil, həm də düşüncə tərzi, davranış modeli və real iş şəraitində qərarvermə qabiliyyətini necə qiymətləndirirsiniz?

-Biz yalnız CV-yə baxmırıq. Əsas məqsəd insanın düşüncə tərzini və real davranışını görməkdir.

Bunun üçün situasiya sualları veririk:

“Bir problemi necə həll edərdiniz?”

“Şirkəti necə inkişaf etdirərdiniz?”

“Hansı sahələrdə yenilik edə bilərsiniz?”

Bu suallar bizə göstərir ki, insan:

kreativdirmi

təşəbbüskardırmı

real nəticə verə bilərmi

Bəzən namizəd danışanda hər şey yaxşı görünür, amma praktika tamam fərqli olur. Ona görə real yanaşma çox vacibdir.

-Müasir əmək bazarının transformasiyası, texnoloji inkişaf və süni intellektin təsiri fonunda hazırkı vəziyyəti necə dəyərləndirirsiniz və yaxın gələcəkdə hansı əsas dəyişiklikləri proqnozlaşdırırsınız?

-Əmək bazarı çox sürətlə dəyişir. Süni intellekt və texnologiyanın inkişafı bir çox işləri dəyişdirir və bəzi vəzifələri əvəz edir.

Bu səbəbdən əməkdaşlardan gözləntilər daha da artır. Müasir iş mühitində hər bir əməkdaşdan daim öz üzərində işləməsi, yeni bilik və bacarıqlar əldə etməsi tələb olunur. Eyni zamanda, texnologiyanın sürətli inkişafı fonunda onların yeniliklərə uyğunlaşa bilməsi və dəyişən şəraitə çevik reaksiya verməsi vacib hesab olunur.

Gələcəkdə əsas fərqləndirici amil yalnız peşəkar bacarıqlar deyil, eyni zamanda insanın özünü davamlı inkişaf etdirmə qabiliyyəti olacaq. Biz hesab edirik ki, ən vacib məqamlardan biri də yüksək insani dəyərlərə sahib namizədlərin seçilməsidir və bu faktor bu gün də, sabah da öz aktuallığını qoruyacaq.

Bu yanaşma çərçivəsində vicdan, ədalət, dürüstlük, peşəkarlıq, sədaqət və etibarlılıq kimi dəyərlər xüsusi önəm daşıyır. Eyni zamanda məqsədyönlü, şəffaf işləyən, korrupsiya və sui-istifadədən uzaq olan şəxslərin seçilməsi sağlam biznes mühitinin formalaşması üçün əsas şərtlərdən biridir.

Biz inanırıq ki, məhz bu dəyərlər düzgün şəkildə formalaşdıqda həm təşkilatlar, həm də cəmiyyət daha dayanıqlı və etibarlı inkişaf yolu qura bilər.

-Müasir əmək bazarının tələblərini nəzərə alaraq, karyera qurmaq istəyən namizədlərə əsas strateji tövsiyələriniz nələrdir və işəgötürənlərin gözləntilərində hansı keyfiyyətlər ön plana çıxır?

-Ən vacib məsələ şəxsi keyfiyyətlər üzərində işləməkdir. Çünki texniki bacarıqlar öyrədilə bilər, amma xarakter daha çətindir.

Uğurlu namizəd dürüst, təşəbbüskar, məsuliyyətli olmalıdır və uzunmüddətli düşünməlidir. Şirkətlər artıq sadəcə işçi yox, dəyər yaradan insan axtarır.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sevda Quliyeva: “Fəaliyyətim yalnız şirkətlərin uğuruna deyil, eyni zamanda dövlətin ümumi inkişafına və dayanıqlı gələcəyinə xidmət edir” — Fins.az — Fins.az