Sədaqət Qurbanlı: "Biz çanta tikirik, amma əslində sənət yaradırıq”-MÜSAHİBƏ

Sədaqət Qurbanlı: "Biz çanta tikirik, amma əslində sənət yaradırıq”-MÜSAHİBƏ

MÜSAHİBƏ
1,447

Fins.az SAGU çanta brendinin yaranma tarixi, ilkin ideyası, ailə biznesi kimi formalaşması, istehsal prosesinin inkişafı və gələcək planları barədə brendin yaradıcı Sədaqət Qurbanlıdan müsahibə alıb.

-SAGU çanta brendinin ideyası necə yaranıb?

- Brendi 2019-cu ildə yaratmışam və bu, ailə biznesi kimi formalaşıb. Ən böyük dəstəkçim həyat yoldaşımdır – o, biznesin inkişafında mənə həm mənəvi, həm də praktiki dəstək göstərib. Oğlum və qızım da bu yolda yanımdadır: oğlum kompüter və reklam işlərində kömək edir, texniki və vizual işlərin hazırlanmasında rol alır; qızım isə modellik edir, çantalarımızın təqdimatında iştirak edir və bəzi məhsulların üzərində rəsm çəkərək dizayn prosesinə kreativ töhfə verir. Onların fikirləri mənim üçün çox qiymətlidir, çünki brendin inkişafında ailə birliyi və ortaq ideyalar mühüm yer tutur. İxtisasca fizika müəlliməsiyəm, uzun illər orta məktəbdə yuxarı sinif şagirdlərinə fizika dərsi keçmişəm. Təhsil sahəsində qazandığım analitik düşüncə və nizam-intizam bacarıqları sonradan biznesdə də mənə kömək edib. Eyni zamanda, qızım Rəssamlıq Akademiyasını bitirib, bu da dizayn və estetik zövqümü inkişaf etdirib. Çanta tikmək və dizayn yaratmaq mənim üçün təkcə biznes deyil, həm də yaradıcılıqdır. Hər məhsul üzərində işləyərkən funksionallıqla estetik görünüşü birləşdirməyə çalışıram.

-Niyə məhz çanta brendi yaratmaq qərarına gəldiniz?

 -Brendimi yaradarkən ilkin olaraq kursu bitirdim, sertifikat aldım və fəaliyyətə başladım. İlk mərhələdə geyim istehsalı ilə məşğul oldum, lakin sonradan fəaliyyətimi dəyişərək çanta dizaynı və istehsalına yönəldim. Brendimin adı SAGU – Sədaqət və Qurban adlarının birləşməsindən yaranıb və bu ad mənim dəyərlərimi və yanaşmamı əks etdirir. Bu yolda mənə ən böyük dəstəyi rəfiqəm Lətafət xanım göstərib. O, dərzi kimi işimdə mənə çox kömək edir, təcrübəsini və məsləhətlərini əsirgəmir. Həyatımda çətin bir dövr yaşadım – gözlərimlə bağlı problemlər yarandı və nəticədə sağ gözümdə görməni itirdim. Hazırda ikinci qrup gözdən əliləm. Beş ağır əməliyyat keçirsəm də, görməni bərpa etmək mümkün olmadı. Sağlamlığımın bir hissəsini itirsəm də, içimdəki motivasiya və yaradıcılıq yanğısı azalmadı, əksinə daha da gücləndi.

Ətrafımdan bəzən “bu işi burax” deyənlər oldu, amma mən bu tövsiyələrə baxmayaraq yolumdan dönmədim.

-Bu brendin əsas məqsədi nədir?

-Mənim üçün bu brend sadəcə biznes deyil -bu, özümü ifadə etmək, yaradıcılığımı göstərmək və Azərbaycan mədəniyyətini dizaynlar vasitəsilə dünyaya tanıtmaq yoludur. Bir cümlə ilə ifadə etsəm: SAGU – Azərbaycanın milli dəyərlərini müasir çanta dizaynlarında birləşdirən, mədəni irsi təbliğ etməyi hədəfləyən yerli brenddir. Bu brend ənənədən ilham alır, lakin müasir qadınların ehtiyaclarına uyğun funksional və estetik çantalar təqdim edir.

 -Bu çantalar nə ilə fərqlənir?

-Çantalarımızın fərqliliyi ilk növbədə əl işidir və yüksək keyfiyyətə əsaslanır. Hər bir çanta diqqətlə, mərhələli şəkildə hazırlanır. Bəzən elə olur ki, nəticədən tam razı qalmıram – həmin hissəni dərziyə sökdürürəm və yenidən işlədilir. Bu, asan proses deyil, çünki çantalar möhkəm tikilir və sökmək də zəhmət tələb edir. Lakin məqsədimiz hər məhsulun mükəmməl olmasıdır.

-Hansı materiallardan istifadə edilir?

-Çantalarımız zamansız dizayna malikdir – yəni modadan tez çıxmayan, uzun illər istifadə oluna bilən modellərdir. Material seçimində də keyfiyyətə xüsusi diqqət yetiririk: təbii dəri, qobelin, kətan və digər möhkəm parçalar istifadə olunur. Dəri çantalarımızın bir hissəsi quzu dərisindən hazırlanır və üzərinə əl işi gül naxışları vurulur. Bu detallar hər çantanı unikal edir, eyni zamanda sənətkarlıq dəyəri qazandırır.

-Hazırlanma prosesi nə qədər çəkir?

-Hazırlıq prosesi mərhələli olduğu üçün vaxt tələb edir. Əgər çantanın üzərində əlavə işləmələr, naxışlar varsa, onun hazırlanması 7–10 gün çəkə bilir. Sadə, milli naxışlı parçalardan olan modellər isə daha tez- 2–3 gün ərzində hazır olur. Bu müddət keyfiyyətin qorunması və hər detala diqqət yetirilməsi üçün vacibdir.

-Satışlar necə təşkil edilir?

-Satışlarımız əsasən onlayn platformalar üzərindən həyata keçirilir. Müştərilər bizimlə İnstagram vasitəsilə əlaqə saxlayır və sifariş verirlər. Bundan əlavə, bəzi çantalarımız satış üçün Azərbaycan Milli Xalça Muzeyinə də təqdim olunur. Orada həm yerində baxmaq, həm də satın alma imkanı mövcuddur.

Bu yanaşma bizə geniş auditoriyaya çatmağa və həm onlayn, həm də mədəni məkanlarda məhsullarımızı tanıtmağa imkan verir. Məqsədimiz yalnız çanta satmaq deyil, həm də milli və əl işinə əsaslanan dizaynı dəyərləndirən bir brend yaratmaqdır.

-Brendinizin tanınması üçün PR işlərini necə təşkil etmisiniz?

-Brendi yeni yaratdığım dövrdə əsasən bloggerlərlə əməkdaşlıq etməyə başladım. Bu, brendin tanınmasında böyük rol oynadı. Reklam işlərində müəyyən çətinliklərim vardı, özümü yetərincə tanıda bilmirdim. Amma zaman keçdikcə ən yaxşı reklamın müştərilərin tövsiyəsi olduğunu gördüm. Məhsullarımızdan alan insanlar bizi başqalarına məsləhət görürdü və bu, brendin inkişafında ən güclü dəstək oldu. Hazırda da sadiq müştərilərimiz var və onlar brendimizi ayaqda saxlayan əsas gücdür.

– Satış və fəaliyyət dövründə hansı çətinliklərlə üzləşmisiniz?

-Əvvəlki illərdə satışlarla bağlı uzun müddət çətinliklər yaşadım. Bazarda öz yerimi tapmaq asan olmadı. Həm də doğru reklam strategiyasını qurmaq və müştəri kütləsini formalaşdırmaq zaman aldı. Bu prosesdə səbir göstərmək və davam etmək ən vacib amil oldu.

– Məhsullarınız üçün parça seçimi ilə bağlı çətinlikləriniz olubmu?

-Bəli, doğru parça seçimi mənim üçün ilkin dövrlərdə çətin idi. Keyfiyyətli və davamlı material tapmaq hər zaman asan olmurdu. Oğlum Avropada təhsil aldığı üçün bəzən ordan mənə parçalar göndərirdi. Bu, məhsulların keyfiyyətini yüksəltməyə və yeni dizaynlar üzərində işləməyə imkan yaratdı.

– Gələcək planlarınız nələrdir?

-Gələcəkdə ixrac planlarım var. Avropa bazarına çıxmağı hədəfləyirəm. Bu, brendin daha geniş tanınmasına və yeni müştəri bazasının yaranmasına imkan verəcək. Hazırda yeni kolleksiya üzərində işləyirəm. Bakı kolleksiyası və Qarabağ atları kolleksiyası kimi xüsusi mövzulu çantalar hazırlayıram. Yaxın zamanda bu kolleksiyalar satışa çıxacaq.

– Moda sektorunun inkişafı barədə nə düşünürsünüz?

-Azərbaycan moda sektoru getdikcə inkişaf edir. Bazarda çox istedadlı və öz işinə güvənən dizaynerlər var. Bu rəqabət sektoru daha da gücləndirir və yeni ideyaların yaranmasına səbəb olur.

– Brendinizin 5 il sonrakı hədəfi nədir?

Beş il sonra əsas hədəfim brendin özünə məxsus mağazasının olmasıdır. Bu, müştərilərlə birbaşa əlaqəni gücləndirəcək və brendin tanınmasını daha da artıracaq. Həm də daha böyük kütlənin SAGU çantalarını tanımasını istəyirəm. Məqsədim keyfiyyətli məhsul və güclü brend imici ilə bazarda uzunmüddətli yer tutmaq.

Aynur Bayramova
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sədaqət Qurbanlı: "Biz çanta tikirik, amma əslində sənət yaradırıq”-MÜSAHİBƏ — Fins.az — Fins.az