Nərmin Məhərrəmzadə: “Şahdağda tarixi dəyişiklik yaratdıq!”

Nərmin Məhərrəmzadə: “Şahdağda tarixi dəyişiklik yaratdıq!”

MÜSAHİBƏ
1,214

Fins.az Quba Sanatorium Şahdağ Hotel kompleksinin rəhbəri Nərmin Məhərrəmzadə ilə müsahibə edib.

Azərbaycanda sağlamlıq turizminin inkişafı son illər yeni mərhələyə qədəm qoyub. Regionlarda müasir sanatoriya komplekslərinin yaradılması, innovativ müalicə üsullarının tətbiqi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi bu sahəyə marağı daha da artırır. Xüsusilə Quba bölgəsində fəaliyyət göstərən və 175-ə yaxın prosedur təqdim edən Şahdağ Sanatoriya Kompleksi həm yerli, həm də xarici qonaqlar üçün cəlbedici məkana çevrilib.

Kompleksin rəhbəri ilə söhbətdə rektal ozon terapiyası kimi unikal xidmətlər, Qarabağda sanatoriya turizminin genişləndirilməsi planları, maliyyə və kadr çətinlikləri, medikal turizmin inkişaf perspektivləri, eləcə də qadın sahibkarlığın çağırışları barədə ətraflı danışdıq.

Müsahibədə həmçinin Qubanın turizm zonası kimi artan potensialı və kompleksin region iqtisadiyyatına verdiyi töhfələr də xüsusi vurğulanır.

 - Nə zamandan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamısınız?

– Bu il həkim kimi fəaliyyətə başlamağımın 20 ili tamam olur. Mən ixtisasca həkim-stomatoloqam. Uzun illər – düz 18 il dövlət sektorunda çalışmışam. Dövlət tibb müəssisəsində işləmək mənə həm böyük təcrübə, həm də insanlarla ünsiyyət baxımından ciddi məktəb qazandırdı.

Lakin zaman keçdikcə düşündüm ki, artıq topladığım bilik və təcrübəni öz biznesimdə tətbiq etməyin vaxtıdır. Öz işimi qurmaq, daha müasir və fərqli xidmət modeli yaratmaq istəyirdim. Beləliklə, 7 il əvvəl ilk sahibkarlıq fəaliyyətimə başladım.

Stomatoloji və kosmetoloji xidmətləri bir arada təqdim edən klinika açdım. Hazırda kosmetoloji klinikam FaceBeauty adı altında fəaliyyət göstərir. Bu klinikada əsas məqsədimiz yalnız estetik xidmət göstərmək deyil, həm də tibbi yanaşmanı qoruyaraq sağlam və təhlükəsiz prosedurlar təqdim etməkdir. Artıq 7 ildir ki, sahibkar kimi fəaliyyət göstərirəm və bu sahədə ciddi təcrübə toplamışam.

Bununla paralel olaraq isə daha böyük və strateji bir layihəyə -Şahdağ Truskavets Sanatoriyasının yaradılmasına başladıq.

 – Quba-Şahdağ Truskavets ideyası necə yarandı?

– Bu ideya birdən-birə yaranmadı. Biz hər il ailəmizlə, dostlarımızla birlikdə müxtəlif ölkələrdə sanatoriyalara müalicə və istirahət məqsədilə gedirdik. Bu səfərlər zamanı həm tibbi xidmətlərin keyfiyyətini, həm də sanatoriya modelinin necə işlədiyini yaxından müşahidə edirdik.

Mən həkim ailəsində böyümüşəm, həyat yoldaşımın ailəsində də tibb sahəsinə bağlı insanlar var. Bir gün belə bir fikir ortaya çıxdı: niyə bu modeli Azərbaycanda yaratmayaq? Axı ölkəmizin təbiəti, iqlimi və insan potensialı buna tam imkan verir.

Beləliklə, qərara gəldik ki, Azərbaycanda tibbi əsaslara söykənən, müasir standartlara cavab verən bir sanatoriya yaradaq. Məqsədimiz yalnız istirahət mərkəzi deyil, həm də real müalicə və reabilitasiya xidmətləri göstərən bir sağlamlıq kompleksi qurmaq idi. İnsanlarımızın xaricə getmədən keyfiyyətli tibbi-sanatoriya xidmətlərindən yararlana bilməsini istəyirdik.

 – Niyə məhz Quba seçildi?

– Məkan seçimi bizim üçün çox önəmli idi. Həyat yoldaşım əslən qubalıdır və bölgəni çox yaxşı tanıyır. Qubanın Bakıdan cəmi 1–1,5 saatlıq məsafədə yerləşməsi böyük üstünlükdür. Bu, həm yerli sakinlər, həm də paytaxtdan gələn qonaqlar üçün əlçatanlıq deməkdir.

Digər tərəfdən, Qubanın iqlimi, təmiz dağ havası, təbiəti və sakit mühiti sağlamlıq mərkəzi üçün ideal şərait yaradır. İnsanların səmimiyyəti və qonaqpərvərliyi də bizim üçün önəmli faktor idi.

Həmçinin turistlərin ən çox üz tutduğu bölgələrdən biri olduğu üçün düşündük ki, tibbi-sanatoriya xidmətini məhz burada qurmaq daha məqsədəuyğundur. Bu, həm daxili turizmin inkişafına töhfə verir, həm də sağlamlıq turizmi potensialını gücləndirir.

 – Sanatoriya neçə ildir fəaliyyət göstərir?

– Bu il artıq 9-cu ildir ki, sanatoriyamız fəaliyyət göstərir. Bu müddət ərzində minlərlə pasiyent və qonaq qəbul etmişik.

Fəaliyyətimiz dövründə əsas məqsədimiz keyfiyyətli tibbi xidmət, düzgün diaqnostika və fərdi müalicə proqramlarının tətbiqi olub. Biz çalışmışıq ki, həm tibbi peşəkarlığı, həm də komfortlu istirahət mühitini bir araya gətirək.

Bu gün geriyə baxanda görürəm ki, həm klinika, həm də sanatoriya layihəsi düzgün və düşünülmüş qərar idi. Sahibkarlıq mənim üçün sadəcə biznes deyil, həm də insanlara sağlamlıq və dəyər qazandırmaq missiyasıdır.

Sanatoriyaya müraciət edənlər arasında hansı ölkə vətəndaşları üstünlük təşkil edir?

– Hazırda sanatoriyamıza müraciət edən qonaqlar arasında əsas üstünlük yerli vətəndaşlara məxsusdur. Azərbaycanda sağlamlıq turizminə maraq son illər əhəmiyyətli dərəcədə artıb və insanlar profilaktik müalicə, reabilitasiya və istirahəti bir arada təklif edən kompleks xidmətlərə üstünlük verirlər. Bu da bizim üçün sevindirici göstəricidir.

Bununla yanaşı, xarici qonaqların sayı da getdikcə artır. Xüsusilə son dövrlərdə Qazaxıstan və Özbəkistan vətəndaşları sanatoriyamıza daha çox üz tuturlar. Bundan əlavə, İsrail vətəndaşları arasında da xidmətlərimizə ciddi maraq var və onlar göstərilən tibbi-profilaktik xidmətlərin keyfiyyətindən olduqca razıdırlar.

Düşünürəm ki, yaxın gələcəkdə quru sərhədlər açıldıqdan sonra xarici turistlərin sayı daha da artacaq və sanatoriyamız regionda sağlamlıq turizminin əsas mərkəzlərindən birinə çevriləcək.

Ümumilikdə, sanatoriyamızın əsas üstünlüyü təqdim etdiyimiz xidmətlərin genişliyi və keyfiyyətidir. Bizim mərkəzdə 175-ə yaxın müxtəlif prosedur həyata keçirilir. Digər sanatoriyalardan fərqimiz ondadır ki, Azərbaycanda və regionda müasir sanator-kompleks modelini tətbiq edən məhz biz olmuşuq. Bizim fəaliyyətimizdən sonra regionlarda bir sıra sanatoriyalar açılıb, lakin prosedur sayı, texnoloji imkanlar və pasiyent etibarı baxımından üstünlüyümüzü qoruyuruq.

Biz daim yenilənməyə və inkişaf etməyə xüsusi önəm veririk. Müasir tibbi avadanlıqların tətbiqi, xidmət keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində ardıcıl addımlar atırıq. Xüsusilə Ukraynadan ixtisaslı mütəxəssislər dəvət edərək həm yerli heyətin peşəkarlığını artırır, həm də qonaqlara daha effektiv və müasir müalicə imkanları təqdim edirik.

Məqsədimiz yalnız xidmət göstərmək deyil, etibar qazanmaq və uzunmüddətli sağlamlıq tərəfdaşı olmaqdır. Bu günə qədər qarşılaşdığımız bütün çətin situasiyalardan uğurla çıxmışıq və qonaqlarımızın məmnuniyyəti bizim üçün əsas göstəricidir.

– Azərbaycanda rektal ozon terapiyası ilə bağlı nə deyə bilərsiniz?

– Azərbaycanda rektal ozon terapiyasını yüksək səviyyədə tətbiq edən nadir mərkəzlərdən biri bizik. Bu prosedur bir çox ölkələrdə geniş istifadə olunsa da, ölkəmizdə demək olar ki, mövcud deyil və bu, bizim əsas fərqləndirici üstünlüklərimizdən biridir. Rektal ozon terapiyası orqanizmin detoksifikasiyasına, immun sisteminin güclənməsinə və maddələr mübadiləsinin aktivləşməsinə müsbət təsir göstərir. Bildiyimiz kimi, bağırsaq sistemi insan sağlamlığında mühüm rol oynayır və onu bəzən “ikinci beyin” adlandırırlar. Sağlamlığın və ümumi balansın qorunması məhz buradan başlayır. Biz bu proseduru beynəlxalq standartlara uyğun, təhlükəsiz və effektiv şəkildə həyata keçiririk.

 –Kompleks ilə bağlı gələcək üçün əsas hədəfiniz nədir?

– Gələcək üçün əsas hədəfimiz Qarabağ bölgəsində sanatoriya və sağlamlıq turizminin genişləndirilməsidir. Məqsədimiz təkcə yeni obyektlərin açılması deyil, eyni zamanda bu sahədə peşəkar idarəetmə modelini formalaşdırmaqdır. İstəyirik ki, gələcəkdə Qarabağda fəaliyyət göstərəcək sanatoriyaların menecmentini də üzərimizə götürək və vahid, effektiv idarəetmə sistemi yaradaq. Biz inanırıq ki, düzgün strategiya və keyfiyyətli xidmətlə Azərbaycan regionun əsas sağlamlıq turizmi mərkəzlərindən birinə çevrilə bilər.

– Kompleksi yaradarkən əsas hansı çətinliklərlə qarşılaşdınız?

– İlk və ən ciddi çətinlik maliyyə ilə bağlı olub. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli şərtlərlə 3 milyon manat kredit əldə etdik və hazırda bu öhdəliyin icrasını davam etdiririk.

Digər mühüm problem isə kadr çatışmazlığı idi. Azərbaycanda medikal turizm sahəsi demək olar ki, sıfır nöqtəsində idi və bu istiqamətdə təcrübəli mütəxəssislər az idi. Biz həm yerli kadrların yetişdirilməsi, həm də xaricdən mütəxəssislərin cəlb olunması üçün ciddi səylər göstərdik. Bu gün də medikal turizmin inkişafı istiqamətində işlərimizi davam etdiririk.

 – Təbliğat və reklam strategiyanızı necə qurmusunuz?

– Təbliğat işlərini əsasən ictimai platformalar və televiziya vasitəsilə qurmuşuq. Networking və müxtəlif icmalarla əməkdaşlıq edərək fəaliyyətimizi tanıdırıq. Bununla yanaşı, bizim üçün ən güclü reklam vasitəsi pasiyent məmnuniyyətidir. Müalicənin nəticəsini görən insanlar bir-birinə tövsiyə edir. Elə qonaqlarımız var ki, artıq 7 ildir fasiləsiz olaraq bizə müraciət edirlər. Mən onlara sadəcə müştəri kimi yox, ailəmizin üzvü kimi yanaşıram.

Şahdağ Sanatoriyasında rəhbərlik və işçi münasibətləri klassik idarəetmə çərçivəsində deyil, daha çox ailə prinsipi üzərində qurulub. Komandamız olmasa, biz də olmazdıq. Bu bir vəhdətdir və mən bu komandanı formalaşdırdığımız üçün qürur duyuram. Hədəfimiz medikal turizmin ətraf bölgələrə də yayılmasına töhfə verməkdir.

 – Qadın sahibkar olmağın hansı çağırışları var?

– Son 7 il ərzində qlobal miqyasda ciddi çətinliklərlə qarşılaşmamışam. Dövlətimiz sahibkarlar üçün, xüsusilə qadın sahibkarlar üçün əlverişli mühit yaradır. Təbii ki, iş prosesində xırda çətinliklər olur, lakin öz işini sevəndə sahibkar, menecer və ya rəhbər olmağın fərqi qalmır. Əsas məsələ məsuliyyət və sevgidir. İşinə sevgi ilə yanaşdıqda nəticə də mükəmməl olur.

 – Qubanı turizm zonası kimi necə qiymətləndirirsiniz?

– Quba günü-gündən inkişaf edir və turizm üçün çox cəlbedici məkana çevrilir. İnfrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşıb, yeni yollar salınıb, o cümlədən ödənişli yol istifadəyə verilib. Artıq paytaxtdan Qubaya təxminən bir saat ərzində çatmaq mümkündür. Şəhərdə abadlıq işləri aparılır, yeni obyektlər açılır.

Bizim kompleksdə 450 nəfər çalışır və bu insanlar ailələrinə çörək aparırlar. Onların böyük əksəriyyəti yerli sakinlərdir. Yeni iş yerlərinin açılması region əhalisi üçün həm iqtisadi, həm də sosial baxımdan böyük motivasiya yaradır. Turizmin inkişafı təkcə sahibkar üçün deyil, bütövlükdə bölgə üçün rifah deməkdir.

Aynur Bayramova
Fins.az

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nərmin Məhərrəmzadə: “Şahdağda tarixi dəyişiklik yaratdıq!” — Fins.az — Fins.az